EN

Allahşükür Paşazadə G20 Dinlərarası Forumunun rəhbəri ilə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.
 
QMİ-nin mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində şeyxülislam oktyabrın 3-də Solt-Leyk-Siti şəhərində G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durham ilə görüşüb.
 
Görüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. A.Paşazadə Azərbaycan xalqının və onun lideri Prezident İlham Əliyevin salamlarını G20 Dinlərarası Forumu Assosiasiyasının rəhbərliyinə çatdırıb. Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən QMİ sədri Assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən beş forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası Forumlarında iştirakını bu platformaya və onun sülhməramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən şeyxülislam vurğulayıb ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi – G20 Dinlərarası forumları dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.
 
G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Durham Azərbaycan Prezidentinin və Azərbaycan xalqının salamlarını böyük ehtiram və minnətdarlıq hissi ilə qəbul edərək ölkəmizə uğurlar və firavanlıq arzulayıb. O, G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlar barədə geniş məlumat verib və bu islahatlarla bağlı şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş edib.
 
Şeyxülislam təklif olunan islahatları yüksək dəyərləndirib, bu barədə öz fikir və tövsiyələrini bölüşüb.
 
Assosiasiyanın prezidenti əminliklə bildirib ki, islahatlar həyata keçirilən zaman şeyxülislamın tövsiyələri mütləq nəzərə alınacaq.
 
Tərəflər Dinlərarası Forumun strukturunda islahatlar prosesi əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ABŞ-a səfəri davam edir.
Chosen
3
21
moderator.az

10Sources