EN

Gürcüstanı “Milli Hərəkat" adlanan qruplaşmadan təmizləmək lazımdır - Baş nazir

Gürcüstanın baş naziri İrakli Kobaxidze "Milli Hərəkat" adlanan qruplaşmanın və xarici agentlərin tamamilə zərərsizləşdirilməsinin zəruriliyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir hakim "Gürcü arzusu" partiyasının ofisində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə sağlam və demokratik siyasi sistemin nəhayət bərqərar olması üçün bunu etmək lazımdır.

Kobaxidze qeyd edib ki, son 4 ildə Milli Hərəkat nümayəndələri 5 dəfə sabitliyi pozmağa və hökuməti devirməyə cəhd etsələr də, bütün cəhdlər uğursuzluqla nəticələnib.

"Bizim 1,1 milyondan çox seçici qarşısında ölkəni "Milli Hərəkat" adlandırılan qruplaşmadan təmizləmək məsuliyyətimiz var. Bu, xarici kəşfiyyat orqanlarının sifarişi və dəstəyi ilə fəaliyyət göstərən siyasi qüvvələrə, xarici agentlərə və ekstremist qruplara aiddir", - deyə hökumət başçısı bildirib.

Baş nazirin sözlərinə görə, belə məqsədlərə nail olmaq üçün Saakaşvili ailəsinin təsiri altında olan universitetlərdən birindən istifadə edilir.

Chosen
24
1
day.az

2Sources