EN

“BİZDƏ MƏNZİLLƏR PULUN QORUNMASI ÜÇÜN ALINIR...” Evlərin sürətlə bahalaşmasının səbəbi AÇIQLANDI

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Elədniz Əmirov: “Ölkədən çıxara bilmədikləri kapitalı mənzil bazarına yönəldirlər”

Azərbaycan əhalisinin yeni mənzil almaq imkanları zəifləyir. 

“AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında dolayısı ilə bildirilir. Hesabatda bu barədə birbaşa qeyd olunmasa da, əhali tərəfindən mənzil alışının çətinləşdiyini göstərən bir neçə göstərici açıqlanır.

Hesabatda diqqət çəkilən əsas məqam mənzillərin qiymətlərinin artmasıdır. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə həm ilkin bazar (“novostroykalar”), həm də təkrar bazar üzrə mənzil qiymətləri artmaqdadır. Bildirilir ki, 2020-ci ildə pandemiya ilə əlaqədar daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım yenidən başlamışdır.

Bütövlükdə son 5 il ərzində – 2020-ci ilin iyun ayı ilə müqayisədə – Bakıda mənzil qiymətləri 46 faiz artıb. Bu il isə qiymət artımı daha sürətli müşahidə olunur: Bakıda mənzillərin orta bahalaşması təqribən 14 faiz, “novostroykalar”da isə 13 faizə yaxınlaşıb. Bu, son 5 il ərzində ən sürətli artımdır. Hesabatda bildirilir ki, 2023-cü ilə qədər mənzillərin illik bahalaşması 10 faizə çatmırdı.

İqtisadçı Elədniz Əmirov bildirir ki, Mərkəzi Bankın hesablamasına əsasən, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Halbuki Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir.

Onun sözlərinə görə, həm orta aylıq əməkhaqqı, həm də adambaşına düşən ÜDM göstəricisinə görə Azərbaycan digər iki ölkədən geri qalsa da, Bakıda mənzillərin daha bahalı olması iqtisadi qanunlara zidd deyil – səbəbi isə sadədir: “Birincisi, nə Tbilisiyə, nə də İrəvana axın Bakıya olan qədər sürətli deyil. Bu, tələbi gözəgörünən şəkildə artırır. İkincisi və ən əsas səbəb bazar qanunlarının pozulması yox, kapitalın hərəkət istiqamətinin təhrif olunması ilə bağlıdır. Yəni pul iqtisadiyyata girmir, investisiyaya çevrilmir, istehsal və ixracda dəyər yaratmaq əvəzinə daşınmaz əmlaka yönəlir.”

İqtisadçı əlavə edib ki, böyük pullar ölkədən əvvəlki kimi rahat çıxarıla bilmədikcə, bu vəsaitlərin çoxu mənzil bazarına yönəlir: “Daha sadə desək, müxtəlif yollarla əldə edilən böyük pullar ölkədən çıxarıla bilmir, ona görə də mənzil bazarına axır. Bu mənzillər çox vaxt fərqli qohumların və tanışların adına rəsmiləşdirilir; əsl sahibinin adına isə bəlkə bir mənzil var, bəlkə də yoxdur. Ona görə də bahalı binaların çoxunun pəncərəsi axşamlar qaranlıq olur. Amma Tbilisidə və İrəvanda binaların pəncərələrinin əksəriyyəti işıqlıdır.”

E. Əmirov vurğulayıb ki, Bakıda mənzil qiymətləri ilə əhali gəlirləri arasındakı ziddiyyət iqtisadi qanunların pozulması deyil, sadəcə kapitalın təbii dövriyyəsinin pozulması ilə bağlıdır: “Qısası, bizdə mənzillər yaşayış üçün yox, pulun qorunması üçün alınır.”

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
azpolitika.info

1Sources