EN

Gürcüstanda Putin qalib gəldi, yoxsa...

Təxminən 1,1 milyonun səsinin almış “Gürcü Arzusu”nu Moskvaya işləməkdə suçlamaq getdikcə daha absurd səslənir...

Son bir həftə ərzində keçmiş postsovet respublikasında-Moldovada parlament, Gürcüstanda isə bələdiyyə seçkiləri keçirildi. Moldovada kritik seçkilərdə Avropa Birliyinə inteqrasiya tərəfdarları qalib gəldi, Rusiyapərəst koalisiya isə məğlub oldu.

Belə ki, hazırkı prezident Maya Sandunun “Fəaliyyət və həmrəylik” partiyası seçicilərin 44,13% faizinin, digər avropayönlü siyasi təşkilat “Alternativ” bloku isə 8% səs topladı. Rusiyapərəstlərin birləşdiyi “Vətənpərvərlər bloku” isə yalnız 28,25% seçici səsi aldı. Rusiyanın açıq-aşkar dəstək verdiyi seçki blokunun məğlubiyyəti Moskvaya ciddi zərbə oldu. Həm də nəzərə almaq lazımdır ki, Avrointeqrasiya indilikdə heç də cəlbedici trend deyil, çünki Avropa Birliyinin özündə ciddi siyasi böhran yaşanır. Amma bu ziddiyyətlərə baxmayaraq, Moldova yenə Avropanı seçdi.

Qonşu Gürcüstanda isə vəziyyət bir qədər qəliz qiymətləndirilir. Avropa Birliyi hakim “Gürcü Arzusu”nu ötən ilin oktyabrındakı parlament seçkilərindən sonra antidemokratik idarəetməyə, repressiyalara, “xarici agentlər haqqında” qanunun qəbululuna və “LGBT təbliğatına” qadağaya görə Rusiyanın maraqlarına xidmətdə suçlayır. Yəni bir həftə aralıqla keçirilən seçkilərdən o nəticə çıxır ki, Moldovada Qərb, Gürcüstanda isə Putin qalib gəlib.

Ukraynaya qarşı müharibədən sonra “Gürcü Arzusu” daha tez-tez Rusiyapərəstlikdə ittiham olunur. Halbuki hakim partiya, məsələn Moskvanın maliyyəsi ilə təsis edilib ortaya çıxmayıb, hətta Saakaşvili hökumətində koalisiyaortağı olub, yəni partiyaya çevrilməsi zamanla baş verib. Əlbəttə, “Gürcü Arzusu”nun uğuru da, uğursuzluğu da, eləcə də Rusiyaya bağlılılığı haqda iddialar da birbaşa iş adamı Bdzina İvanişvilinin adı ilə bağlıdır. Partiyadan gah uzaqlaşdığını elan edən, gah idarəeməyə qayıdan İvanişvili son olaraq “Gürcü Arzusu” nun qərar verən fəxri lideri statusuna yiyələnib.

“Rusiyaya işləməkdə” ittiham olunan partiya 2022-ci ildə Ukrayna və Moldova ilə birlikdə Aİ-yə üzvlük üçün müraciət etmişdi, 2023-cü ilin sonunda Gürcüstan rəsmi olaraq Aİ üzvlüyünə namizəd də olmuşdu. Belə Rusiyapərəstlik olmur. 2022-ci ildə Qərbin sanksiyalarına qoşulmaqdan imtinanın ardınca “xarici agentlər haqqında” qanunu qəbul etmək cəhdini Qərb dərhal “Rusiya qanunu” adlandırdı. Genişmiqyaslı etirazlardan sonra parlament qanunu ikinci oxunuşda səsvermədən çıxardı. Amma sonra nə oldu? Tiflisdə hakim partiya “Rusiya qanununa” dəstək üçün 100 minlik mitinq keçirdi, iki həftə sonra da parlamentdə qəbul etdi.
Rusiya da Qərbin bu ittihamlarını öz lehinə çevirmək fürsətini əldən vermədi, məsələn, 2019-cu ildə Moskvanın təşəbbüsü ilə dayandırılmış birbaşa təyyarə relslərini dörd ildən sonra bərpa etdi, həmçinin Gürcüstan vətəndaşları viza rejim yumşaldıldı.

Gürcü cəmiyyəti Ukrayna təcavüzündən sonra Rusiya ilə yeni müharibədən qorxur. Hakim partiya 2008-ci il müharibəsinin Saakaşvili tərəfindən törədilmiş təxribat və cinayət” kimi qiymətləndirib. Bu bəyanata rus təbliğatçılarının xoşuna gəlsə də, Tiflis Rusiya ilə diplomatik münasibətlərin bərpasını birmənalı istisna edir. “Gürcü Arzusu” yalnız Abxaziya və Cənubi Osetiyanın işğaldan azad edilməsindən sonra bunun mümkünlüyünü bildiriblər.

“Gürcü Arzusu”nun 10 ildən artıqdır təkbaşına iqtidar olması səbəbindən ildən-ilə daha çox avtoritarlaşdığını təkzib etmək olmaz. Hakimiyyət “şirindir”, ona görə “Gürcü Arzusu”nun iştahası artır. Amma müxalifət də illərdir hakimiyyətə gəlmək üçün vahid qüvvə formalaşdıra bilmir ki, bu da “Gürcü Arzusu”nun işinə yarayır. Məsələn, bələdiyyə seçkilərinə qatılan və seçkilərin saxtalaşdırıldığını iddia edən Lelo və “Gürcüstan naminə” partiyaları rəsmi nəticələrə görə, bir il əvvəlikindən 50 faiz az səs toplayıblar.

Baş nazir İrakli Kobaxidze bu gün deyib ki, Gürcüstanda “Maydan” yaratmaq üçün beşinci cəhdi uğursuzluğa düçar olub. Kobaxidze haqlıdır, Cənubi Qafqazda Gürcüstanda hakimiyyət dəyişikliyi cəhdlərinə görə “liderdir”. Heç kimə sirr deyil ki, Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 2008-ci ilin avqustunda olduğu kimi cəmi 5 gün davam gətirə bilər.

Şənbə günü Tiflis küçələrində baş verən hadisələr göstərdi ki, Qərbin bəzi dairələri hələ də Gürcüstanda hakimiyyəti dəyişmək planınlarından əl çəkmirlər.
İndidən demək olar ki, bu seçkilərdən sonra da Gürcüstan hakimiyyəti Qərbin sərt tənqidi ilə üzləşəcək. Yaxın günlərdə Kobaxidzenin “xarici agentura şəbəkəsi” adlandırdığı Saakaşvilinin “Milli Hərəkat” partiyasının fəaliyyətinin qadağan olunacağı gözlənilir ki, bu da hakim partiyaya təzyiqləri artıracaq. Baş nazirin sözlərinə görə isə dövlətə qarşı çıxanlar cəzasız qalmayacaq.

O da həqiqətdir ki, Qərbin basqılarına rəğmən gürcülər son bir ildə artıq ikinci dəfə “Gürcü Arzusu”na səs verməklə öz seçimlərini etdilər.Təxminən 1, 1 milyonun səsinin almış “Gürcü Arzusu”nu Rusiyaya işləməkdə suçlamaq getdikcə, daha absurd səslənir...

Chosen
9
musavat.com

1Sources