EN

Sağlam olmaq istərkən həyatını itirənlər – idman zallarında görünməyən risklər

Son vaxtlar idman zallarında baş verən qəfil infarkt və ölüm halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir neçə gün əvvəl tanınmış idman həvəskarı Cabir İmanovun zalda məşq zamanı infarkt keçirərək vəfat etməsi bu mövzunu yenidən gündəmə gətirdi. Oxşar hadisələr təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. İnsanlar sağlam olmaq üçün idman zallarına üz tutur, lakin bəzən bu proses faciə ilə nəticələnir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu hallar təsadüfi deyil. İdman orqanizmi gücləndirsə də, düzgün yanaşılmadıqda orqanizmə ciddi zərər də verə bilər. Ürək-damar sistemi, tənəffüs və sinir sistemi ağır yüklənmələrə qarşı həssasdır. Əgər insanda gizli ürək xəstəliyi, təzyiq, diabet və ya damar tıxanması varsa, bu, məşq zamanı qəfil infarkt və ya ürək dayanmasına səbəb ola bilər. Problem ondan ibarətdir ki, bir çox insan bu riskləri bilmir və həkim müayinəsindən keçmədən zalda məşqlərə başlayır.

Digər bir məsələ odur ki, bəzi idman zalları sağlamlıq yoxlamasını vacib hesab etmir. Nəticədə iştirakçıların tibbi vəziyyəti barədə heç bir məlumat olmur. Halbuki hər bir zalda üzvlükdən əvvəl minimal tibbi arayış və kardioloji müayinə tələbi olmalıdır. Bu, həm idmançının, həm də zalın məsuliyyətini artırar. Təəssüf ki, reallıqda belə olmur və bir çox insanlar bədənlərini normadan artıq yükləyərək həyatlarını riskə atırlar.

İdman sağlam qalmaq vasitəsidir, yarış meydanı deyil. Lakin bəzi insanlar nəticəni tez əldə etmək istəyir, ağır çəkilər qaldırır, orqanizmin sərhədlərini zorlayır. Bu, bəzən “görünməz qəhrəmanlıq”, əslində isə bədənin məhv edilməsidir. Məşq tədricən, bədənin imkanına uyğun şəkildə artırılmalıdır. Hər bir insanın ürəyi, əzələsi, metabolizması fərqlidir. Başqasının proqramını kopyalamaq və eyni nəticəni gözləmək təhlükəlidir.

Tibb mütəxəssisləri xəbərdarlıq edir ki, idman zamanı düzgün nəfəs alma, maye qəbulu, istirahət fasilələri və yuxu rejimi də ən azı məşq qədər vacibdir. Yorğun, ac və ya stressli halda məşq etmək, xüsusilə ürək ritmini dəyişə və qəfil təzyiq sıçrayışlarına səbəb ola bilər. Bundan əlavə, enerji içkiləri və bəzi qida əlavələrinin təsiri orqanizmə ağır zərbə vurur. Bu məhsullar həkim məsləhəti olmadan qəbul edildikdə ürək fəaliyyətini pozur və nəticədə ölüm riski artır.

Bu gün idman sağlamlıq simvolu kimi qəbul olunur, amma həqiqət budur ki, düzgün planlaşdırılmamış idman bəzən sağlamlığı əlindən ala bilər. Hər bir insanın məşqdən əvvəl tibbi yoxlamadan keçməsi, öz bədənini tanıması və məşqləri mütəxəssis nəzarətində aparması vacibdir. İdmanın məqsədi bədəni yormaq deyil, onu qorumaq, gücləndirməkdir.

Könül Oruc

E-saglam.az

Chosen
40
e-saglam.az

1Sources