Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Misli Premyer Liqasının VIII turu çərçivəsində “Şamaxı” səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
“Şamaxı”nı qələbə münasibətilə təbrik edirəm. Oyuna çox danışmaq istəmirəm. Çox qol vəziyyətimiz oldu və ikinci hissədə meydanda böyük üstünlüyümüz var idi. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır, fiziki yoxsa taktiki baxımdan? Biz maksimumu edirik. Səhvlər edirik və qapımızda qol görürük, amma özümü günahlandıra bilmirəm. Komanda fiziki və taktiki baxımdan hazırdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam. Komandamızın güclənməyə ehtiyacı var. İkinci hissədə meydanda yalnız bir komanda var idi”, – deyə baş məşqçi bildirib.
Jurnalistlər seleksiya ilə bağlı sual verdikdə Sxadadze açıqlayıb: “Yayda seleksiya işində səhvlər etdik. Daha da güclənməliyik. Bəzi futbolçular Premyer Liqa səviyyəsində deyil və onları U-19 komandasına göndərəcəyik. Bu, etiraf edilməli bir məsələdir. İkinci hissədə kimi meydana buraxacağımızı düşünəcəyik. Allah qoysa, hər şey yaxşı olacaq, güclənəcəyik və nəticələr daha yaxşı olacaq. Böyük klublarda çalışmışam, “Mançester Siti”də oynamışam və orada hər zaman futbolçuya dəstək olurdular. Biz də və komandamız da bunu öyrənməliyik. Azarkeşlər komandanın arxasında durmalıdır. Komandamız oyunu göstərir, buna görə də panikaya düşməyə ehtiyac yoxdur. Sadəcə oyun zamanı güclənə bilmirik. Ehtiyatda olanlar isə əsasən yerli gənclərdir.”
Milli fasilə zamanı heyətin gücləndirilib-gücləndirilməyəcəyi barədə suala cavabında baş məşqçi qeyd edib: “İndiki vaxtda hansı futbolçunu tapa bilərik? Əgər futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda bitib və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, dərhal güclənək, amma vəziyyət məlumdur. Səhvlərimizi etiraf edirik. Dekabr ayında heyəti gücləndirməyi planlaşdırırıq. Əgər bu da baş verməzsə, vəziyyət çətin olacaq.”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.