EN

Gecələr Xəzər dənizinin üzərində görünən ağ paltarlı qadın... FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Zərdüştilik dünyanın qədim dini təlimlərindən biridir. Bu dini təlim onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüşt e.ə. VI əsrdə yaşamışdır. Orta əsrlərin bir çox müsəlman müəllifləri, eləcə də müasir tədqiqatçılar bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu deyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.

O bildirib ki, Zərdüştilik tarixən Azərbaycan ərazisində yaranaraq digər ərazilərə yayılıb:

“Zərdüştilərin inanclarına görə, Xəzər dənizi su ruhlarının yaşadığı müqəddəs sahədir. Məhz Zərdüştilikdən sonra Azərbaycan coğrafiyasında müxtəlif səmavi dinlər yayılsa da, xalq arasında Avestadan gələn fikirlər əsasında rəvayət və miflər formalaşıb

Belə miflərdən biri də Xəzər dənizi üzərində gecələr görünən Ağ paltarlı qadın obrazıdır. Əfsanələrə görə, Xəzər xatunu dənizin qoruyucu və hökmran ruhudur, qadın surətində görünür. Onun adını ilk dəfə balıqçılar çəkiblər — “dənizin ağ qadını”, “ağ pərdəli xanım” və ya “dalğaların xatunu” kimi.

(“Dəniz ilahəsi” mifik obrazının təsvirlərindən biri)

Bununla bağlı Abşeron və Bakı folkloruna nəzər salanda qarşıma belə bir məlumat çıxdı: “Saçları uzun və sanki su ilə birləşən Xəzər xatununun gözləri dəniz kimi dərin və mavidir, baxışı isə həm cəlbedici, həm də qorxuludur”.

Yerli əhali arasında uzun müddət belə bir şayiə yayılmışdı ki, kim Xəzər dənizinə çox baxırsa, “Xəzər xatununun baxışı” adamı özünə çəkir və insan qeyri-iradi halda özünü dənizə ataraq onun yanına getmək istəyir”.

Tarixçi bildirib ki, Qız qalası əfsanəsi kimi, Xəzər xatunu əfsanəsinin də maraqlı tarixi olduğu qeyd edilir:

“Rəvayətə görə, balıqçı qızın atasının sağ geri qayıtmasına görə etdiyi duaya görə dəniz onun atasını sahilə çıxarmış və qızı özü ilə aparıb. O gündən bəri də qız Xəzərdə arada gecələr çıxaraq dəniz üzərində gəzinti edir.

Əlbəttə, bunlar mif və rəvayətdir. Lakin tarixdə hansısa hadisə mifləri oxuyandan sonra həqiqət kimi üzə çıxır bəzən. Xəzər dənizi ətrafında olan dövlətlərin sakinləri olan balıqçılar, xüsusən Qazaxıstan və Rusiyadan olanlar iddia edirlər ki, guya XX əsrin əvvələrində dənizçilər dəniz üzərində gəzən qadını görüblər: gecələr dənizin üstündə ağ işıq görünüb, sonra dalğalar yüksəlib. Bəziləri deyir ki, həmin işıq qadın fiquru şəklində idi.

Xəzər xatununa dair ilk yazılı qeyd XIX əsrin sonlarında rus dənizçilərinin gündəliklərində rast gəlinir — onlar yazırdılar ki, gecə dənizdə “ağ geyimli bir qadın kölgəsi” görünüb”.

Z.Əliyev qeyd edib ki, bu mif və rəvayətlərin yaranmasına səbəb Xəzər dənizinin mistik bir yer olmasından irəli gəlib:

“Xəzər dənizi böyükdür, möhtəşəmdir, bəzən dağıdıcı fırtınalar törədir. Buna görə insanlar ona mistik anlamlar veriblər. Ehtimal ki, balıqçılar, dənizçilər suyla əlaqəli dualar edib, “Xəzər xatunu” adlı bir varlığa inanaraq qorunmaq istəyiblər.

Bəlkə də “Xəzər xatunu” obrazı Azərbaycan folklorundakı  “Su anası”nın dəniz versiyası kimi yaranıb. Qeyd edim ki, “Su anası” anlayışı dünyanın müxtəlif mifologiyalarında, folklorlarında və dinlərində mövcuddur.

Alimlər arasında “Xəzər nəfəs alır” deyimi var. Çünki suyun səviyyəsi tez-tez dəyişir. Bunu isə iqlim dəyişiklikləri ilə izah edilir. Bəlkə də bu dənizçi və balıqçıların belə bir mif yaratmasına səbəb olub.

Xəzər dənizinin yaşı təxminən 6 milyon ildir və bu cür əfsanələrin yaranması labüddür”.

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
globalinfo.az

1Sources