GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Texnologiyadan asılılıq zehni sağlamlığa mənfi təsir göstərir. Sosial mediada çox vaxt keçirmək, davamlı ekrana baxmaq diqqət dağınıqlığı, yaddaş zəifləməsi və emosional gərginliyə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu proses gənclərdə erkən nevroloji yorğunluq sindromuna gətirib çıxarır.
Erkən nevroloji yorğunluq sindromunun əsas əlamətləri nələrdir? Beyin sağlamlığını qorumaq üçün hansı addımlar tövsiyə olunur?
Globalinfo.az-a danışan nevroloq Rəna Abbasova deyib ki, bu sindrom bəzən xroniki yorğunluq kimi də qiymətləndirilir:
“Bu hal əsasən diqqətin və yaddaşın zəifləməsi, qavrama qabiliyyətinin azalması, ümumi halsızlıq, əhval-ruhiyyənin enməsi və emosional qeyri-sabitliklə müşahidə olunur. Zamanla insan özündə bu əlamətləri hiss etdikcə, xəstəlik axtarışına başlayır ki, bu da nevroz hallarının yaranmasına səbəb ola bilər. Erkən beyin yorğunluğu sindromunun əsas səbəblərindən biri beynin lazımsız və səmərəsiz şəkildə həddindən artıq yüklənməsidir. Xüsusilə gecə yuxusunun pozulması, mobil cihazlardan və ekranlardan uzunmüddətli istifadə melatonin hormonunun azalmasına və stressin artmasına gətirib çıxarır.
Rəna Abbasova
Daim qısamüddətli informasiyalara məruz qalmaq yaddaşın səthiləşməsinə, informasiyanın beyində qalıcı şəkildə saxlanmamasına səbəb olur. Həmçinin eyni anda bir neçə işin görülməsi, məsələn, sosial şəbəkələrdə yazışmaq, xəbərləri oxumaq, video izləmək və ya digər məlumat mənbələrinə baxmaq — beynin davamlı gərginlik altında qalmasına gətirib çıxarır. Bu vəziyyət xüsusilə gənclər arasında daha çox müşahidə olunur. Çünki onlar özlərini stressə davamlı hesab edir, lakin yuxu və istirahət rejiminə riayət etmirlər. Nəticədə bu, xroniki beyin yorğunluğu və son mərhələdə nevroz və depressiv vəziyyətlərə səbəb olur”.
Nevroloq qeyd edib ki, beyin sağlamlığını qorumaq üçün düzgün yuxu və istirahət rejiminə əməl etmək, balanslı qidalanmaq, ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaq, açıq havada aktiv həyat sürmək, kitab oxumaq və düşüncələri yazılı şəkildə qeyd etmək tövsiyə olunur:
“Bu vərdişlər beyinin fəaliyyətini gücləndirir və erkən beyin yorğunluğunun qarşısını almağa kömək edir”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.