EN

Kansler: Almaniya üzərindəki PUA-ların arxasında Rusiya var

Son həftələrdə Almaniya şəhərləri və Danimarka üzərində səmada görünən pilotsuz təyyarələrin əksəriyyətinin buraxılmasının arxasında Rusiya dayanır...

Poliqon xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

"Biz güman edirik ki, bu dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayanır. Əvvəla, mən əhalini sakitləşdirə bilərəm. İndiyədək bizdə silahlı pilotsuz təyyarələrdən istifadə ilə bağlı bir dənə də olsun insident və ya hadisə olmayıb. Yalnız casusluq cəhdləri olub. Həm də əhali arasında təşviş yaratmağa cəhdlər edilib", deyə Merz qeyd edib.

Eyni zamanda o qeyd edib ki, adi vətəndaşlar da pilotsuz uçan aparatları havaya buraxırlar. Baxmayaraq ki, hava limanlarının yaxınlığında bunu etmək qanunla qadağandır. Belə hadisələrdən biri ötən gün Almaniyanın Frankfurt am Maynts şəhərində yerləşən ən böyük hava limanının yaxınlığında baş verib: "Lakin biz bu halların arxasında kimin olmasından asılı olmayaraq araşdırırıq. Bu, təhlükəsizliyimiz üçün ciddi təhdiddir".

Kanslerin sözlərinə görə, dronlardan qorunmaq polisin işidir. O, həmçinin polisə pilotsuz təyyarələri vurmaqda kömək etmək üçün Bundesverə qanuni səlahiyyətlər verəcəyi gözlənilən hava məkanı təhlükəsizliyi qanununun artıq elan edilmiş yenidən nəzərdən keçirilməsini xatırladıb.

Bundan əlavə, oktyabrın 8-də kabinet federal və ştat strukturlarında çalışan işçilərin səlahiyyətlərini daha dəqiq müəyyən edəcək yeni polis qanununa baxmağı planlaşdırır.

Bavariyanın baş naziri Markus Söder də ölkənin ikinci ən böyük hava limanı olan Münhen hava limanında görünən dronların arxasında Rusiyanın ola biləcəyini bildirib. Eyni zamanda o, bunu əminliklə təsdiq edə bilməyəcəyini etiraf edib:

"Bu həm də hibrid müharibənin bir formasıdır – bizi əsəbiləşdirmək, qorxutmaq üçün... Ona görə də zəiflik nümayiş etdirməməliyik və qorxmamalıyıq. Ağıllı, sakit, eyni zamanda ardıcıl hərəkət etməliyik".

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources