EN

Bu ölkələr hərbi toqquşmaya gedir – Üçüncü dünya müharibəsi ssenarisi güclənir

Serbiya Prezidenti Aleksandar Vuçiç dünyada vəziyyətin getdikcə gərginləşdiyini bildirib. O, bütün dövlətlərin müharibəyə hazırlaşdığını vurğulayaraq, “dünyada tam xaos və çöküş hökm sürür” deyib. Vuçiçin sözlərinə görə, artıq danışıqlara deyil, qarşıdurmaya hazırlıq gedir və bu, yaxın gələcəkdə böyük münaqişələrin baş verə biləcəyinə işarədir.

Bu fikirlər real təhlükənin göstəricisidir, yoxsa siyasi ritorikadır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bir tərəfdən bu cür bəyanatlar liderlərin daxili auditoriyaya mesaj vermək, ictimaiyyəti səfərbər etmək və öz mövqelərini möhkəmləndirmək məqsədi daşıyır:

“Digər tərəfdən isə hazırda beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-sabitlik və toqquşma meyllərinin real əksidir. ABŞ, Çin və Rusiya kimi böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji, ticarət və təhlükəsizlik sahəsində yaranan qarşıdurmalar, eləcə də regional blokların silahlanmanı artırması yeni müharibə narahatlıqlarını gücləndirir. Müasir beynəlxalq münasibətlər sistemində diplomatik dialoqun zəifləməsi və qarşılıqlı etimadsızlığın artması “danışıqlara yox, qarşıdurmaya hazırlıq” mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Dünya iqtisadiyyatında qeyri-sabitlik, qlobal silahlanma xərclərinin rekord səviyyəyə çatması, nüvə ritorikasının yenidən aktuallaşması və regional böhranların çoxalması bu fikirlərin əsasını müəyyən qədər doğruldur. Lakin bu bəyanatın tamamilə real hərbi təhlükə kimi qəbul edilməsi də düzgün olmazdı, çünki belə ritorika bəzi hallarda kiçik dövlətlərin beynəlxalq sistemdə diqqət qazanmaq və öz təhlükəsizlik narahatlıqlarını önə çəkmək üsuludur”.

Politoloq qeyd edib ki, hazırkı qlobal vəziyyətə baxdıqda münaqişə riskinin daha yüksək olduğu regionlar aydın görünür:

“Avropada Rusiya–Ukrayna müharibəsinin uzanması, NATO ilə Moskva arasında artan qarşıdurma və nüvə təhdidləri qitəni ən riskli bölgələrdən birinə çevirib. Orta Şərqdə İran–İsrail münasibətlərinin gərginləşməsi, Fələstin böhranının yenidən alovlanması və Suriya-Livan sərhədində toqquşmaların intensivləşməsi yaxın illərdə bölgədə genişmiqyaslı müharibə ehtimalını artırır. Afrikanın Sahel və Mərkəzi Afrika regionlarında silahlı qrupların fəallaşması, dövlət institutlarının zəifləməsi və etnik qarşıdurmalar bu qitədə qeyri-sabitliyi daha da dərinləşdirir. Asiyada isə Çin-Tayvan münasibətlərində hərbi risklər, Cənubi Çin dənizində suverenlik mübahisələri və Şimali Koreyanın raket sınaqları diqqət mərkəzindədir. Bütün bu mənzərə fonunda Vuçiçin bəyanatları sadəcə pessimizm deyil, qlobal siyasi sistemdəki dərin ziddiyyətlərin təzahürüdür. Dünya artıq soyuq müharibə dövründən fərqli olaraq çoxqütblü, lakin eyni zamanda daha qeyri-sabit bir mərhələyə qədəm qoyub. Belə şəraitdə kiçik və orta dövlətlərin əsas çağırışı böyük güclərin toqquşmasının bir hissəsinə çevrilməmək, diplomatiya və iqtisadi əməkdaşlıq vasitəsilə öz təhlükəsizliklərini qorumaqdır. Vuçiçin xəbərdarlığı, bəlkə də, bu reallığın ən qısa ifadəsidir: beynəlxalq sistemdə sülh artıq sabit vəziyyət deyil, qorunması üçün daim səy göstərilməli bir dəyərdir”.

Chosen
4
1
editor.az

2Sources