EN

NATO ölkələrində dronlar və hava şarları panikaya səbəb olub – The Times

Son həftələrdə Avropada artan dron və hava şarları insidentləri bir sıra NATO ölkələrində təhlükəsizlik narahatlığı yaradıb. The Times nəşrinin yazdığına görə, baş verən hadisələr nəticəsində Litvanın paytaxtı Vilnüs və Almaniyanın Münhen şəhərlərində hava limanları müvəqqəti bağlanıb. Danimarka və Polşa isə Rusiya tərəfindən hava məkanına müdaxilə ehtimalı ilə bağlı şübhələrə yer verib.

Nəşr yazır ki, bu hadisələrin bəziləri səhvən baş verən uçuşlar olsa da, bəziləri qəsdən təşkil olunmuş təxribat xarakteri daşıya bilər. Məsələn, əvvəllər Danimarka hərbi bazalarının yaxınlığında dronların müşahidə edildiyi ərazilərdə fəaliyyət göstərən və müxtəlif adlarla tanınan “Pushpa” və “Boracay” adlı tanker gəmiləri hazırda şübhə altındadır. İddialara görə, bu gəmi dənizdə üzən dron buraxılış platforması kimi istifadə oluna bilər.

Qeyd olunur ki, 9 sentyabr gecəsi azı 20 rus dronu Polşanın hava məkanını pozduqdan sonra regionda demək olar ki, hər gün oxşar təhlükə siqnalları qeydə alınır. Bu cür insidentlər ən azı yeddi NATO ölkəsinin hava limanlarına və hərbi obyektlərinə təsir edib – və bu, yalnız ictimaiyyətə açıqlanan hallardır.

Amerikalı “Dedrone” şirkəti bu il ərzində dünyada bir milyondan çox hava məkanı pozuntusu qeydə alındığını bildirir. Şirkət qeyd edir ki, hadisələrin çoxu Çin istehsalı olan DJI brendinə aid həvəskar dronlarla əlaqəlidir. Lakin eyni zamanda, 2025-ci ildə “əl işi” (samodelka) dronların istifadəsində 430% artım müşahidə olunub. Bu tip dronların izlənməsi adi texniki vasitələrlə daha çətindir.

Bəzi hallarda, məsələn, Frankfurt hava limanı yaxınlığında yeni dronunu sınaqdan keçirmək istəyən alman vətəndaşının saxlanılması göstərir ki, bu insidentlərin bir qismi sadəcə şəxsi təşəbbüslərlə də bağlı ola bilər.

Böyük Britaniya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Fil Maylz qeyd edir ki, bəzi dövlətlər bu cür təxribat xarakterli fəaliyyətləri yerli cinayətkar qruplara tapşırır, bununla da birbaşa əlaqəni inkar etmək imkanını saxlayırlar. Onun sözlərinə görə, texnologiyanın inkişafı ilə bu kimi hallar daha da çoxalacaq və onların mənbəyini müəyyən etmək çətinləşəcək.

Digər sabiq müdafiə rəsmisi isə bildirib ki, Rusiya və Çin kimi dövlətlər artıq Qərbin hüquqi boşluqlarından – məsələn, yurisdiksiya qeyri-müəyyənliyi və cinayət məsuliyyəti hədlərinin fərqliliyindən – aktiv şəkildə istifadə edirlər. Onun fikrincə, bəzi hallarda Avropa ölkələri qəsdən sərt reaksiya verməkdən çəkinir, çünki bu zaman öz təhlükəsizlik imkanlarını ifşa edə bilərlər.

“Dedrone” şirkətinin Avropa, Yaxın Şərq, Afrika və Asiya-Sakit Okean regionları üzrə vitse-prezidenti Eş Aleksander-Kuper bildirib ki, dronların çoxunu texniki baxımdan izləmək və zərərsizləşdirmək mümkündür. Onun sözlərinə görə, əksər hava limanlarının ətrafında 5–10 kilometr radiusunda dronlar radiodalğalar, radar və ya kameralar vasitəsilə izlənə bilir.

“Bir çoxları düşünür ki, dronun siqnalını kəssən, o dərhal yerə düşür. Əslində isə, o, havada dayanır və siqnalı bərpa etməyə çalışır. Əgər bu mümkün olmasa, uçuşa başladığı yerə qayıdır. Bu isə bizə dronu idarə edən şəxsin yeri barədə vacib məlumat verir,” – deyə Aleksander-Kuper əlavə edib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya üzərində uçan naməlum dronların vurulması ilə bağlı məsuliyyətin necə bölüşdürülməsi barədə açıqlama verib. Onun sözlərinə görə, Almaniya silahlı qüvvələri – Bundesver – bu prosesin tam məsuliyyətini təkbaşına daşıya bilməz.

Bundan başqa, Ukrayna mənbələri də bildirir ki, Rusiya Avropa İttifaqını bu cür dron hücumları ilə təzyiq altında saxlayaraq, Aİ-nin Ukraynaya dəstəyini zəiflətməyə çalışır.

Chosen
7
veteninfo.az

1Sources