Xəbər verdiyimiz kimi, Gəncə şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobuslar tamamilə yenilənib, xətlərə müasir tələblərə cavab verən nəqliyyat vasitələri buraxılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Gəncədə marşrutların yenilənməsi bu şəhərdə fəaliyyət göstərən 400-ə qədər köhnə avtobusun şəhərdən çıxması ilə nəticələnib.
Həmin avtobusların əksəriyyəti isə paytaxta gələrək qeyri-qanuni sərnişindaşımalara cəlb edilib.
Belə ki, son günlərdə paytaxt ətrafında, xüsusilə Xırdalan, Masazır, Müşfiqabad, Saray qəsəbələri istəqamətindən Bakı-Sumqayıt yolu ilə mərkəzə çoxsaylı qanunsuz avtobusun sərnişin daşıması müşahidə edilir.
Bu nəqliyyat vasitələrinin Bakı-Sumqayıt yolundakı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqlardan, yəni avtobus zolaqlarından maneəsiz istifadə etməsi də onların işini daha da asanlaşdıraraq qanunsuz fəaliyyəti stimullaşdırır.
Qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin törətdiyi çoxsaylı qəzalara rast gəlmək olur. Bu hadisələr nəticəsində xeyli insan həyatını itirib və ya xəsarət alıb.
Hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən, avtobus zolağına daxil olan digər nəqliyyat vasitələri 100 manat və 2 balla cərimələnirlər.
Baş DYP İdarəsindən bildirildi ki, qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması və bu sahədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir, media subyektləri vasitəsilə əhaliyə təbliğat-təşviqat xarakterli çağırışlar edilir:
“İlk növbədə sərnişinlərə öz təhlükəsizlikləri naminə bu prosesdə iştirak etməmək tövsiyə olunur. Qeyri-qanuni sərnişindaşımada istismar olunan avtomobillərin texniki vəziyyətinə nəzarət edilmədiyi, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülərin cəlb edildiyi, onların reysqabağı tibbi müayinədən keçirilmədiyi sərnişinlərin diqqətinə çatdırılır.
Qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin avtobus zolaqlarından istifadəsi məsələsinə gəldikdə isə DYP tərəfindən davamlı olaraq belə hallara qarşı qanunvericiliyə uyğun tədbirlər görülür.
Bir daha bu sahədə qanunvericiliyin tələblərini pozan şəxslərin nəzərinə çatdırırıq ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yoldan yalnız müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayancaqlarla hərəkət edən avtobuslar istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması yolverilməzdir və inzibati məsuliyyət yaradır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də avtobus zolaqlarına qanunsuz daxil olanların məsuliyyət daşıdığı qeyd edildi:
“Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir.
Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
“Yol hərəkəti haqqında” Qanuna əsasən, operativ nəqliyyat vasitələri dedikdə, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan avtomobillər nəzərdə tutulur”.
Bizim.Media