BAKI, 6 oktyabr. TELEQRAF
“Oktyabrın 6-7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə toplantısı işə başlayacaq. 2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq hər sahədə genişlənib”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, budəfəki sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır:
“Bu mövzu ona görə seçilib ki, ətrafdakı müxtəlif müharibələrin bölgəyə sıçraması ehtimalı var və bunun qarşısının alınmasında türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsinə ehtiyac var. Türk dövlətləri arasında siyasi-iqtisadi əlaqələrlə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlıq yolları axtarılmalıdır. Bu sıraya birgə hərbi təlimlərin keçirilməsindən tutmuş, hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılmasına qədər bəndləri aid etmək olar.
Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma var. Birinci yanaşma müsbətdir, ikinci yanaşma mənfidir. ABŞ və Avropa İttifaqı ölkələri Türk Dövlətləri Təşkilatına müsbət yanaşırlar. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini təhlükəli deyil, əksinə, faydalı olduğunu düşünür. Bu səbəbdən Vaşinqton və Brüssel Zəngəzur dəhlizinin reallaşmasını istəyir. Zəngəzur dəhlizi isə türk dövlətlərin arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir”.
Elxan Şahinoğlu xatırladıb ki, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə 5+1 əməkdaşlıq formatı mövcuddur:
“Doğrudur, bu əməkdaşlıq formatının əsas səbəblərindən biri də Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmasıdır. Mərkəzi Asiya ölkələrinin özləri də 5+1 formatının davamında maraqlıdır. Çünki Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmir, alternativ istiqamətlərə üstünlük verirlər. Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün də vacibdir.
Türk dövlətləri arasında inteqrasiyadan narahat olan üç ölkə var: Rusiya, Çin və İran. Bu üç ölkənin rəsmiləri və diplomatları türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama və ya bəyanat vermirlər. Buna baxmayaraq, Moskva, Pekin və Tehran türk dövlətləri arasında inteqrasiyanı özləri üçün təhlükə kimi qiymətləndirirlər. Halbuki bu inteqrasiya heç bir dövlət və birliyə qarşı yönəlməyib. Türk birliyi qarşılıqlı inteqrasiyanı gücləndirməklə türk dövlətlərinin müstəqil inkişaflarını sürətləndirən amildir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki dairələrin xoşuna gəlmir. Qərblə qarşıdurma içərisində olan Rusiya, Çin və İran qonşu dövlətlərin də onlar kimi siyasət yürütmələrini istəyir. Türk birliyi isə Qərblə dialoq içərisindədir”.
Politoloq qeyd edib ki, Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına əngəl ola bilməyəcək:
“Çünki türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir. Qəbələdəki toplantıda Şimali Kipr Respublikasının Prezidenti Ərsin Tatar da iştirak edəcək. Tatar türk dövltələri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunub. Türkiyə Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidini dəstəkləyir. Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır, son söz Mərkəzi Asiya ölkələrinin liderlərinindir”.