EN

Fransanın yeni baş naziri Sebastien Le Korneil istefa verib

AFP xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Nazirlər Kabinetini elan etdikdən bir neçə saat sonra Baş nazir Sebastien Le Korneilin istefasını bazar ertəsi qəbul edib. Bu, ölkəni daha da siyasi dalana sürükləyib.

“France 24” telekanalının məlumatına görə, müxalifətdə olan Milli Birlik Partiyası Makronu Milli Assambleyanı buraxmağa çağırıb.

Makron ötən ay keçmiş müdafiə naziri Sebastien Le Korneli baş nazir vəzifəsinə təyin etmişdi. Lakin bazar günü gecə təqdim edilən və faktiki olaraq dəyişməz qalan kabinet bütün siyasi spektrdən kəskin tənqidlərə səbəb olub.

Le Korneil iki hissəyə bölünmüş parlamentdə gələn il üçün qənaət büdcəsini təsdiqləmək kimi çətin vəzifə ilə üzləşib.

Le Kornelin iki bilavasitə sələfi – Fransua Bayrou və Mişel Barnier – xərcləmə planı ilə bağlı fikir ayrılıqları səbəbindən qanunverici orqan tərəfindən vəzifələrindən uzaqlaşdırılmışdı. Ötən həftə isə Fransanın dövlət borcu rekord səviyyəyə çatıb.

Fransanın borcunun ÜDM-ə nisbəti hazırda Yunanıstan və İtaliyadan sonra Avropa İttifaqında üçüncü ən yüksək səviyyədədir və Aİ qaydaları ilə müəyyən edilmiş 60% limitdən demək olar ki, iki dəfə çoxdur.

Əvvəlki hökumətlər son üç illik büdcəni parlamentdə səsvermə olmadan qəbul etmişdilər ki, bu üsul konstitusiya tərəfindən icazə verilsə də, müxalifət tərəfindən tənqid olunurdu. Lakin Le Korneil keçən həftə qanunvericilərin büdcə layihəsinə səs verməsini mümkün edəcəyinə söz vermişdi.

Fransa Makron hakimiyyətini möhkəmləndirmək məqsədilə keçən ilin ortalarında növbədənkənar parlament seçkilərinə getmişdi. Lakin bu addım əks nəticə verərək, Makronun ittifaqı parlamentdə azlıq təşkil etməyə başladı.

Fransa siyasi arenası növbəti günlərdə daha böyük dəyişikliklərə hazırlaşır.

Chosen
9
veteninfo.az

1Sources