EN

Avropadan Çinə qədər: Dünya gücləri TDT ilə əməkdaşlığa can atacaq

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın 6-7-də Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündən əvvəl üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Şurası keçirilir. 

Milli Məclisin deputatı Tural Gəncəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu toplantı önəmli zamanda və məkanda keçirilir: 

“Türk Dövlətləri Təşkilatında sədrlik Azərbaycana keçir. Dünyada baş verən prosesləri, Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərq böhranını və digər geosiyasi, tektonik hadisələri nəzərə alsaq, Türk Dövlətləri Təşkilatının dünyada yeni bir güc mərkəzinə çevrildiyi, artıq qlobal güc olaraq formalaşdığı göz qabağındadır. 

Əminliklə demək olar ki, Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatı öz qlobal prestijini və imicini daha da artıracaq. Beynəlxalq təşkilatların qeyri-effektiv fəaliyyət göstərdiyi indiki dövrdə, BMT, Avropa İttifaqı, eləcə də digər regional və qlobal qurumların öhdəliklərini yerinə yetirə bilmədiyi bir zamanda Türk Dövlətləri Təşkilatının effektli qurum kimi funksional olacağı aydındır”. 

Millət vəkili qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Avropadan Çinə qədər uzanan geniş bir coğrafiyanı əhatə edir: 

“Yüz milyonlarla insan, habelə neft, qaz, alternativ enerji mənbələri bu çərçivədə toplanır. Üstəlik, bu coğrafiya əhəmiyyətli nəqliyyat və kommunikasiya xətlərinin keçdiyi bir məkandır. Bunları nəzərə alsaq, demək olar ki, Türk Dövlətləri Təşkilatı bundan sonra daha da güclənərək dünyanın ən önəmli güc mərkəzlərindən birinə çevriləcək və artıq çevrilməkdədir. 

İqtisadi və hərbi güc, insan potensialı, habelə təhlükəsizlik aspektləri baxımından bu təşkilat öz maraqlarını qorumağa qadirdir. Məsələn, Rusiya-Ukrayna müharibəsində bütün NATO və Qərbin dəstəklərinə baxmayaraq, arzulanan nəticə əldə olunmadı. Bu isə hərbi gücün və strateji balansın əhəmiyyətini göstərir”. 

Tural Gəncəliyevin sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə dünya gücləri, hərbi və iqtisadi beynəlxalq qurumlar bu təşkilatla əməkdaşlığa can atacaqlar: 

“İqtisadi resurslar, coğrafi mövqe, nəqliyyat-kommunikasiya xətləri, pasionar xalqlar, güclü liderlik və vizyon xüsusilə Azərbaycan Prezidentinin liderliyi altında bu təşkilatın nüfuzunu daha da artıracaq. Biz BMT Baş Assambleyasından sonra dünyadakı ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədrliyini uğurla həyata keçirdik. 

COP-29 sammitini Azərbaycana gətirdik, diqqəti cəlb edərək, ona nüfuz qazandırdıq. Bundan başqa, 44 günlük müharibədə qalib gələrək beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdik və sülh gündəliyini ortaya qoyduq. Bütün bunların fonunda Türk Dövlətləri Təşkilatına da böyük töhfə verəcəyimizə əminəm”. 

Chosen
53
cebheinfo.az

1Sources