Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Goranboy rayon Qızılhacılı kənd sakini, 2001-ci il təvəllüdlü Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi KIA markalı avtomobillə Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Qamət Məmməd oğlu İsbəndiyarovun idarə etdiyi "QAZel" markalı yük avtomobili toqquşub.
İlkin məlumata görə, KIA markalı avtomobilin sürücüsü Eltun Həsənov hadisə yerində ölüb, yük avtomobilinin sürücüsü Qamət İsbəndiyarov ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində iki nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar oktyabrın 5-i saat 16:40-da 2 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müvafiq şöbədə müalicəsi davam etdirilən 1 nəfərin isə vəziyyəti stabildir". (oxu.az)