EN

Azərbaycanda yaşıl, iyli “işğal”: hər şeyi məhv edir

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Zaqatala, Balakən, Göygöl və digər bölgələrdə vəziyyət kritikdir. Qəhvəyi mərmər bağacığı kənd təsərrüfatını, ekosistemi və insanların gündəlik həyatını iflic edib. Qış yaxınlaşdıqca bu iyrənc iyli, sürətlə çoxalan zərərverici evlərə dolur, pəncərəni belə açmaq mümkün olmur. Qapı-pəncərələr torlu olsa belə, bağacığın istilası insanları bezdirib, kəndlərdə, şəhərlərdə insanlar çarəsiz qalıb.

Bu, artıq lokal problem deyil, ekoloji miqyaslı təhlükəyə çevrilib. Rəsmi qurumlar hara baxır? Zərərvericinin bu qədər geniş yayılmasına, illərdir kəndlərdə məhsul itkisinə, indi isə evlərə dolmasına baxmayaraq, ciddi tədbir görülmür.

Dezinfeksiya işləri formal xarakter daşıyır, yerli əhali “öz gücü ilə” - sabunlu su, tozsoran, yapışqan lentlə mübarizə aparır. Bu isə ekoloji təhlükəsizlik siyasətinin fiaskosudur.

Qəhvəyi mərmər bağacığı təkcə alma, armud, fındıq və qarğıdalı deyil, üzüm, nar, tərəvəz, hətta dekorativ ağacların da düşmənidir. Meyvələrin içini soraraq keyfiyyətini məhv edir, məhsuldarlığı 2–3 dəfə azaldır. Bir vaxtlar Gürcüstan fındıq ixracında üçüncü yerdə idi, bu həşəratın yayılması ilə dördüncü yerə düşdü. Region iqtisadiyyatının dayaqlarından olan fındıq bağları bu zərərvericinin birinci hədəflərindədir.

Azərbaycanda alimlər illərdir xəbərdarlıq edirlər: Zoologiya İnstitutunun materiallarında qonşu ölkələrdə, xüsusən Gürcüstanda fındıqda böyük itkilərdən sonra riskin bizim bağlar üçün də ciddi olduğu xatırladılır. Lakin xəbərdarlıqlar kabinetlərdə itib-batır, tədbir planları kağız üzərində qalır.

Ekoloji cəhətdən isə bağacıq təbii tarazlığı pozur. Yarpaqlarda açdığı dəliklər bitkilərin fotosintez qabiliyyətini zəiflədir, bu da torpaq mikroflorasına və bioloji müxtəlifliyə zərbə vurur. Nəticədə, bölgələrdə həm kənd təsərrüfatı, həm də təbii həyat sistemi sarsılır.

Bağacığın ifraz etdiyi kəskin, yanıq rezin və keşniş qoxusuna bənzər iy bir çox insanda allergiya yaradır. Uşaqlarda və allergik şəxslərdə tənəffüs çətinliyi, baş ağrısı, göz yanması kimi hallar qeydə alınır.

İndi bu zərərverici təkcə kənd təsərrüfatının deyil, insan sağlamlığının da düşməninə çevrilib.

Bəs bu qədər tədqiqat, xəbərdarlıq, beynəlxalq təcrübə ortada ikən niyə hələ də vahid mübarizə proqramı yoxdur?

Əgər bu gün tədbir görülməzsə, sabah kəndlərdə məhsul qalmayacaq.

Vətəndaşlar bu dəqiqə öz evlərindəki “iyli işğalçıya” qarşı yalqızdır. Şimal-qərb zolağında vəziyyət “gözlə-görək” deyil, konkret icra tələb edir. Qurumlar “maarifləndirici post”a yox, real nəticələrə cavabdeh olmalıdırlar: neçə tələ asıldı, neçə ocaq məhv edildi, neçə təsərrüfatda zərər azaldı?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
axar.az

2Sources