EN

KADIROV RUS GENERALI TƏHQİR ETDİ, KREMLƏ MEYDAN OXUDU... “Əclaf Şamanov, diz çöküb çeçen xalqından üzr istəməlisən!”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni rus-çeçen müharibəsi başlayır?

"Çeçenistan Respublikasının parlamenti öz tarixi adları olan (rus) kazak kəndlərinin adının dəyişdirilməsini təklif edir. Siz nəinki rusdilli əhalini qovmusunuz, indi onların yer adlarını da silirsiniz. Bu, bizim dövlətimizin tarixidir! Siz nə edirsiniz? Sizdən soruşuram!”.

Bunu bir neçə gün əvvəl Rusiyanın “qəssab general”larından biri, vaxtilə Çeçenistanda dinc əhalinin kütləvi qırğınına rəhbərlik etmiş və buna görə “Rusiya qəhrəmanı” adı almış Vladimir Şamanov bir neçə gün əvvəl Dumadakı çıxışında deyib.

Deputat mandatı daşıyan, lakin normalda hərbi cinayətkar kimi mühakimə olunmalı olan bu individ Çeçenistanın guya “rus kazakların tarixi torpaqlarının” adını dəyişməsinə hiddətlənib (Onun sözündən belə çıxır ki, Çeçenistan Rusiya kəndlərini işğal edib və onların adlarını dəyişib). Lakin Rusiyanın nəinki öz ərazisində, o cümlədən Krım başda olmaqla, işğal etdiyi digər ərazilərdə yerli xalqların tarixi yer adlarını dəyişməsini, onları öz dogma dilindən, mədəniyyətindən məhrum etməsini təbii ki, bu cür “generallar” görmürlər…

Çeçenistana başçılıq edən Ramzan Kadırov əlbəttə ki, öz vəzifəsindən və hətta bütün Rusiya müsəlmanlarının lideri olmaq iddiasından irəli gələrək, Şamanovun bu çıxışını cavabsız qoya bilməzdi. Lakin Kadırovun gözlənilən cavabı kifayət qədər sərt alındı və açıq ittihamlarla dolu oldu: "İndi Çeçenistan Respublikası Şelkovskaya və Naurskaya adlarını dəyişməyə başlayanda əclaf Şamanov səsini ucaltdı. O, törətdiyi cinayətlərə görə hərbi məhkəməyə verilməlidir. O, çeçen xalqına qarşı ən qəddar general olub. Bu, həyasızcasına yalan və bu torpaqda yaşayan insanlara qarşı təhqirdir...

Mən şəxsən sənə müraciət edirəm, Şamanov. Əgər “vətənpərvər” sözü sənin üçün boş ifadədən başqa bir şey deyilsə, özün kimi yoldaşlarını da topla və SVO zonasında ön cəbhəyə get. Görək nə qədər “bacarıqlısan”. Biz sənin mülki şəxslərə işgəncə verməklə topladığın “zəngin təcrübəni” yaxşı bilirik. Ona görə də sənin Dumada oturub “xalq müdafiəçisi” kimi çıxış etməyə mənəvi haqqın yoxdur. Deputat mandatının, təmtəraqlı sözlərin arxasında gizlənməyi dayandır.

Sən müdafiəsiz çeçen qızının qatili Budanovu açıq müdafiə etdin. Bizim üçün o, əbədi olaraq o dövrün vəhşiliklərinin və rüsvayçılığının simvolu olaraq qalacaq və indi sənin adın onun adı ilə yanaşı dayanır. Sən diz çöküb çeçen xalqından dinc insanların qətlinə, talanlara və dağıntılara görə üzr istəməlisən!”.

Əslində, Kadırovun paylaşımının ən maraqlı və siyasi yüklü tərəfi sondadır: “Vəziyyəti dəyişdirmək üçün artıq gücün yoxdur - yalnız qəzəb və zəhərini boşaltmaq cəhdi var. Sənin sözlərin çeçen xalqının nailiyyətlərini ləğv etməyəcək”.

“Vəziyyəti dəyişmək gücün yoxdur” deyərkən bu, Şamanovun timsalında rus “Z-ictimaiyyətinə”, imperiyaçılığına, şovinizminə, deməli, həm də Kremlə meydan oxumaq kimi görünür.

Lakin məsələnin absurd tərəfi budur ki, Kadırov bir tərəfdən məşhur bir rus generalını və deməli, həm də onun rəhbərlik etdiyi rus ordusunu çeçenlərə qarşı soyqırımda ittiham edir, lakin digər tərəfdən də onun öz çeçen silahlı birləşmələri həmin Şamanov kimi, hətta ondan da artıq qaniçən rus generallarının rəhbərliyi altında hazırda Ukraynaya qarşı işğalçılıq müharibəsində iştirak edir. Hansı ki, şamanovların, budanovların başçılıq etdiyi rus ordusundan fəqrli olaraq, işğala, soyqırıma məruz qalan Ukrayna xalqı Çeçenistana, çeçenlərə pis heç nə etməyiblər. Çeçenistandakı qırğınları Ukrayna ordusu və generalları yox, ruslar, rus generalları və onlara əmr verənlər törədib. Ancaq Kremlə xoş gəlmək üçün öz vətəni uğrunda canından keçmiş Dudayevi, Masxadovu və digər çeçen rəhbərlərini “terrorçu” kimi qələmə verən Kadırovun adamları indi həmin işğalçı rus ordusunun tərkibində öz varlığını, torpaqlarını qoruyan ukraynalılara qarşı döyüşür.

Ümumiyyətlə, maraqlıdır, çeçenlərə qarşı təhqiramiz ifadə işlədən hansısa sıravi rusiyalını, bloqeri və s. tutub cəzalandıran, kamera qarşısında üzr istətdirən Kadırov özünün də dediyi kimi, çeçenləri sadəcə təhqir etmək deyil, onlara qarşı soyqırım törədən Şamanovu nədən indiyə qədər cəzalandırmayıb? Əksinə, bu gün Kadırov Şamanovla birgə eyni adı – “Rusiya qəhrəmanı” adını daşıyır və onların hər ikisinə bu adı Kreml verib. Eləcə də Şamanovun adını çəkən Kadırov bu generala əmr verənlərin, sonradan ona general-polkovnik rütbəsi və Duma deputatı mandatı verənin - Putinin adını çəkmir. Əksinə, ötən gün Putinin onu ad günü münasibətilə təbrik etməsilə öyünür. Deməli, belə çıxır ki, Kadırovun millət, vətən təəssübkeşliyi bir yerə qədərdir. Ya da kökündən saxta və görüntü üçündür...

Şamanovun Çeçenistana və çeçenlərə qarşı çıxışını bir çox rusiyalı deputatlar, siyasətçilər, “Z-bloqerlər” və təbii ki, sıravi ruslar can-başla dəstəkləyiblər. Bu, o deməkdir ki, çeçen, inquş, dağıstanlı, başqırd və s. Ukraynada mənfur “rus dünyası” üçün ət maşınına göndəriləndə, oradan meyidi dönəndə, yaxud yaralı qayıdanda yaxşıdır, öz torpağında tarixi yer adını bərpa edəndə, yaxud öz milli varlığına, kökünə aid hansısa digər xırda addım atanda pisdir – xaindir, ekstemistdir, terrorçudur!

Bu Kadırov-Şamanov qarşıdurması bir daha insani, əxlaqi, hüquqi və s. dəyərlərin Rusiyada nə dərəcədə deqradasiyaya uğradığını, ictimai mühitin “kəllə mayallaq” vəziyyətə gəldiyini təsdiqləyir. Ən əsası isə ölkədə milli məsələnin barıt çələyini xatırlatdığını göstərir. İndi hamı bir-birinə nifrət edir – rus çeçenə, dağıstanlıya, kalmıka, tatara, onlar da rusa. Artıq “Z-patriotlar” xeyli vaxtdır ki, durmadan çeçen hərbi birləşmələrinin özbaşınalığından gileylənir, bir gün onların Rusiyaya qarşı çevriləcəyinə, eləcə də digər xalqların onlara qoşulacağına dair xəbərdarlıqlar edirlər və buna görə Kremli, rus şovinizmini, qəddar millətçiliyini, imperiyaçılığını deyil, öz vətənlərində ikinci sort insana çevrilmiş yerli xalqalrı ittham edirlər.

Və bütün bunlar sözsüz ki, Putin idarəçiliyinin əsəridir: hamını hamı ilə düşmən etmək, parçalamaq və bu yolla “idarə etmək”. Ancaq bununla çox da uzağa getmək olmaz və bu çanaq nə vaxtsa Rusiya imperiyaçılığının öz başında sınacaq!

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
azpolitika.info

3Sources