EN

“Ermənistanın sülh çağırışı’ ədalətsiz və qəbuledilməzdir” Tofiq Zülfüqarov

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Məsuliyyətin qəbuluna dair bir kəlmə də yoxdur”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ötən həftə Ermənistan parlamentinin qəbul etdiyi “sülh çağırışı” bəyanatına münasibət bildirib.

Xatırladaq ki, həmin bəyanat hakim “Vətəndaş müqaviləsi” partiyasının 64 üzvü tərəfindən dəstəklənib, lakin eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət partiyaları sənədi boykot ediblər.

Tofiq Zülfüqarov qeyd edib ki, son dörd il ərzində azad edilmiş ərazilərdə 23-dən çox kütləvi məzarlıq aşkar olunub və bəzi qalıqlarda – o cümlədən əl və ayaq hissələrində – zorakılıq izləri müşahidə edilir.

Onun sözlərinə görə, Ermənistan parlamentinin sülhə çağırışı zahirən müsbət təsir bağışlasa da, bəyanatda Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş hərbi təcavüz, 20 faiz torpağın işğalı, etnik təmizləmə, illərlə davam edən talançılıq, müharibə və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyətin qəbuluna dair bir kəlmə belə yoxdur.

“Ermənistanda aparılan nadir tənqidlərdə də yalnız büdcə vəsaitlərinin mənimsənilməsi vurğulanır. Halbuki həmin vəsaitlər guya ‘ordunun möhkəmləndirilməsi’, yəni işğalın və ilhaq siyasətinin davam etdirilməsi üçün istifadə olunmalı idi,” – deyə Zülfüqarov bildirib.

Keçmiş nazir əlavə edib ki, Ermənistan “suverenlik və ərazi bütövlüyü”nə hörmət tələb etsə də, özü bu prinsipi nə qəbul edib, nə də əməl edir: “Siz ‘Alma-Ata Bəyannaməsi prinsiplərinə sadiq qalmaqdan’ danışırsınız, amma nə ruhuna, nə də mətninə əməl edirsiniz. Sadəcə, öz maraqlarınıza uyğun şərhlərlə bu prinsipləri təhrif edirsiniz.”

Zülfüqarov yekunda bildirib: “Biz sizə inanmırıq. Uğurlu və dayanıqlı sülh yalnız məsuliyyətin qəbulundan və günahkarların cəzasından sonra mümkündür.”

Keçmiş nazir həmçinin ermənilərin “Zəngəzur” termini ilə bağlı narazılıqlarına da münasibət bildirib və bu mövqeyi tamamilə əsassız adlandırıb.

Rasim Əliyev “AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
azpolitika.info

1Sources