EN

“Cəmiyyət artıq çoxdan neftsiz yaşamağa öyrəşib” – “Məmurlar isə hələ də…”

İlham Şaban: “Cəza, tarif və vergi yükünü artırmaqla iqtisadi möcüzə yaratmaq mümkün deyil”

Maliyyə Nazirliyi dövlət büdcəsinin cari ilin 9 ayı üzrə icrasına dair hesabat yayıb. Bildirilir ki, bu dövrdə dövlət büdcəsində 4 milyard 474,2 milyon manatlıq profisit yaranıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, büdcənin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib. Halbuki ilin əvvəlində büdcənin 41 milyard manat xərclə və 3 milyard manat kəsirlə planlaşdırıldığı bildirilmişdi. Əgər hər şey plana uyğun getsəydi, bu günə qədər büdcə xərcləri təxminən 31 milyard manat, kəsir isə 750 milyon manat civarında olmalı idi.

İ. Şaban qeyd edib ki, Dövlət Vergi Xidməti vasitəsilə büdcəyə 12 milyard 455,8 milyon manat (ümumi daxilolmaların 42,7 faizi), Dövlət Neft Fondundan isə 10 milyard 860,7 milyon manat (37,3 faiz) vəsait daxil olub. Lakin Maliyyə Nazirliyi neft-qaz sektoru üzrə konkret rəqəmləri açıqlamayıb.

Ekspertin fikrincə, hökumət 2015-ci il iqtisadi böhranından sonra neft və qaz gəlirlərinin ön plana çəkilməsindən çəkinir. Bunun əvəzinə, qeyri-neft sektorundakı müsbət göstəricilər cəmiyyətə təqdim edilir. 

“Bu yanaşmanın iki məqsədi ola bilər: birincisi, cəmiyyəti psixoloji baxımdan postneft dövrünə hazırlamaq; ikincisi isə göstərmək ki, Azərbaycan neftsiz də yaşaya bilər”, – deyə Şaban bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdəki reaksiyalara əsasən, cəmiyyət artıq neft gəlirlərinə bağlı olmayan həyat tərzinə uyğunlaşıb. Lakin məmur təbəqəsi öz rifahını hələ də neft pulları ilə təmin etməyə çalışır.

İ. Şabanın qənaətinə görə, iqtisadiyyatda real inkişaf üçün yalnız cəza, tarif, aksiz və vergi yükünün artırılması kifayət deyil.

“Qeyri-neft sektorunda da 31 il əvvəl neft müqavilələrinə tətbiq olunan ‘pay bölgüsü’ tipli aydın və şəffaf mexanizmlərə ehtiyac var”, – deyə ekspert vurğulayıb.”AzPolitika.info”

Chosen
10
1
moderator.az

2Sources