EN

Bir gecə az yatmaq belə beynə ciddi zərər verə bilər – nevroloq xəbərdarlıq etdi

Yuxu sadəcə bədənin dincəlməsi deyil, beynin səmərəli fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan aktiv bir prosesdir.

E-saglam.az xəbər verir ki, “Simeynaya” klinikalar şəbəkəsinin nevroloqu Maksim Alekseyev “Lenta.ru”ya açıqlamasında, cəmi bir gecə kifayət qədər yatmamağın belə ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, dərin yuxu mərhələsində beyin gün ərzində yığılan zərərli maddələrdən, o cümlədən Altsheymer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülalından təmizlənir. Həmçinin bu mərhələdə beyində yeni sinir əlaqələri formalaşır, qısa yaddaşdan uzunmüddətli yaddaşa məlumat ötürülür və orqanizm yeni təcrübəyə uyğunlaşır.

Alekseyev qeyd edib ki, bir gecə yuxusuz qalmaq belə insanın reaksiyasını ləngidir, diqqətini toplamaq və düzgün qərar vermək qabiliyyətini azaldır, streslə mübarizə gücünü zəiflədir.

“Xroniki yuxusuzluq depressiya, təşviş pozuntuları, Altsheymer və digər demensiya növləri, ürək-damar xəstəlikləri və diabet riskini artırır. İnsan özünü gücsüz, əsəbi və tükənmiş hiss edir. Ümumilikdə isə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür”, – deyə həkim bildirib.

Nevroloqun sözlərinə görə, beynin sağlamlığı, idrak qabiliyyətləri, emosional tarazlıq və orqanizmin ümumi vəziyyəti üçün yetkin insanın gündə 7–9 saat keyfiyyətli yuxuya ehtiyacı var.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources