EN

Uğursuzluqdan bezdi, rəhbərliyi “güllə qabağına” verdi - KLUB QARIŞDI!

“Qəbələ” Premyer Liqanın VIII turu çərçivəsində “Şamaxı”nı qonaq etdi və 0:1 hesabı ilə uduzdu.

Bu, artıq mövsümün beşinci məğlubiyyətidir.

Aktivində cəmi 4 xal olan “qırmızı-qaralar” turnir cədvəlinin 11-ci pilləsinə yuvarlanıb.

Uğursuzluğun davam etməsi “Qəbələ”nin içində və ətrafında gərginlik yaradıb.

Klub rəhbərliyi ilə Kaxaber Sxadadze arasında münasibətlərin soyuması daha öncədən məlum idisə, yerli azarkeşlərin dünənki yenilgiyə sərt reaksiyası odun üstünə bir qədər də ğenzin tökdü.

Belə ki, fanatlar baş məşqçini istefaya səsləyib, əleyhinə şüarlar səsləndirib. Gürcü çalışdırıcı tribunayadan gələn çağırışa adekvat reaksiya verməyib: o, tərəfdarlarla mübahisə edib.

Sxadadze media önündə də eyni tövrü sərgiləyib. Komandanın enişdə olmasına səbəbkar kimi özünü görmədiyini bildirib:

“Oyunla bağlı çox danışmaq istəmirəm. Çox qol vəziyyətimiz oldu və ikinci hissədə meydanda böyük üstünlüyümüz var idi. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik. Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır, fiziki yoxsa taktiki baxımdan? Biz maksimumu edirik. Səhvlər edirik və qapımızda qol görürük, amma özümü günahlandıra bilmirəm. Komanda fiziki və taktiki baxımdan hazırdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə vurmayacam. Komandamızın güclənməyə ehtiyacı var. İkinci hissədə meydanda yalnız bir komanda var idi”.

Jurnalistlər seleksiya ilə bağlı sual verdikdə, Sxadadze deyib:

“Yayda seleksiya işində səhvlər etdik. Daha da güclənməliyik. Bəzi futbolçular Premyer Liqa səviyyəsində deyil və onları U-19 komandasına göndərəcəyik. Bu, etiraf edilməli bir məsələdir. İkinci hissədə kimi meydana buraxacağımızı düşünəcəyik. Allah qoysa, hər şey yaxşı olacaq, güclənəcəyik və nəticələr daha yaxşı olacaq. Böyük klublarda çalışmışam, “Mançester Siti”də oynamışam və orada hər zaman futbolçuya dəstək olurdular. Biz də və komandamız da bunu öyrənməliyik. Azarkeşlər komandanın arxasında durmalıdır. Komandamız oyunu göstərir, buna görə də panikaya düşməyə ehtiyac yoxdur. Sadəcə, oyun zamanı güclənə bilmirik. Ehtiyatda olanlar isə əsasən yerli gənclərdir.”

Milli fasilə zamanı heyətin gücləndirilib-gücləndirilməyəcəyi barədə suala cavabında baş məşqçi qeyd edib:

“İndiki vaxtda hansı futbolçunu tapa bilərik? Əgər futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda bitib və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, dərhal güclənək, amma vəziyyət məlumdur. Səhvlərimizi etiraf edirik. Dekabr ayında heyəti gücləndirməyi planlaşdırırıq. Əgər bu da baş verməzsə, vəziyyət çətin olacaq”.

Sxadadzenin söylədikləri birbaşa rəhbərliyə mesajdır. O, artıq ”vobank” gedir və bununla açıq ”müharibə”yə keçidi elan edir.

Bizdə belə məsəl var: ”İki qoçun başı bir qazanda qaynamaz”.

”Qəbələ” rəhbərliyi kimsənin qabağından qaçan deyil. Fariz Nəcəfov burada daha kimləri görməyib ki?!

Toni Adamsdan, Daniel Muntuyanudan, Yuri Syomindən tutmuş ta Roman Qriqorçuka, Sənan Qurbanova, Elmar Baxşıyevə kimi! Hər üzdə və səviyyədə məşqçi ilə çalışıb.

Sxadadzenin yaşı və keçmişi ondan ötrü elə də fərq etməyəcək. Bu gedişlə ”toqquşma” tezliklə gözləniləndir.

Və aydın məsələdir ki, F.Nəcəfov öz iş prinsiplərindən vaz keçməyəcək, gürcüyə qapını göstərəcək və kompensasiyanı ödəyəcək.

Sxadadzenin seleksiya fəaliyyəti ilə əlaqəli ciddi iradları və özünü bunda müqəssir saymaması çox şeydən xəbər verir.

Bu, o deməkdir ki, transfer çalışmaları rəhbərlik çapında aparılıb və onun fikirləri nəzərə alınmayıb. Yaxud istədiyi oyunçular onlar tərəfindən alınmayıb.

Müxtəlif səbəbləri ola bilər bunun. Başlıcası, transferlərə ayrılan büdcənin məhdudluğunu qeyd etməliyik.

Klub akademiyanın fəaliyyətini məhdudlaşdırsa da, həmin vəsaiti əsas komandaya yönəltməyib. Görünür, gürcü çalışdırıcını da elə bu qıcıqlandırır.

Bəs hanı o pul? Bəlkə də beynində bu sualı öz-özünə çox verib.

Bəlkə də özünü çox yormayıb, sualı rəsmilərə birbaşa ünvanlayıb. Ya elə, ya belə, fakt budur ki, baş məşqçi uğursuz gedişatın səbəbkarı qismində şəxsi görmürsə, deməli, günahkar siyahısında yalnız idarəçilər yer alır.

Futbolçu meyvə deyil ki, onu ağacdan yığıb gətirəsən. O, öz-özüylə müqavilə bağlayaraq, ”Qəbələ”li də etməyib. Futbolçunu bəyənən, gətirən və sənədə imza atdıran(lar) var.

Kaxa oyunçuların iki metrdən qol vura bilmədiklərini, hər dəfə fərdi səhvlərə görə məğlubiyyətlə üzləşdiklərini söyləyir. Kim öz ayranına turş deyər ki?

Baş məşqçi media önündə seleksiya işlərindən gen-bol şikayətlənirsə, buradan çıxan nəticə birdir: «Məni transfer prosesindən kənarlaşdırdız, nəticələr bərbad oldu, indi gəlin, siz də cavab verin».

Və yaxud: «Bütün məsuliyyəti üstümə ata bilməyəcəksiz, mən tank deyiləm və susmayacam».

Oyun baxımından Sxaxadzenin dedikləri ilə razılaşmalıyıq. «Qəbələ»də məşqçi işi görünür.

Hər oyunda bir və ya bir neçə qol epizodu yaradırlarsa, kortəbii mübarizə aparmırlarsa, taktiki cəhətdən nizamlı nəzərə çarpırlarsa, ona kəskin irad tutula bilməz.

Bu, Kaxanın əlinin altındakı «material»la çalışmasıdır. O, heyfslənir ki, sərəncamına verilən heyəti özü seçməyib.

İndi «top» klub başbilənlərindədir. Gərək çıxıb baş məşqçinin fikirlərinə münasibət bildirsinlər.

Susmaq bu yerdə qızıl sayıla bilməz. Yenə dinməsələr, vəziyyət lap nəzarətdən çıxacaq.

Problemləri palazın altına süpürmək, orada gizlətmək sabah daha böyük fəsadlara yol açacaq. Çünki Kaxa oxu onlara tərəf atıb…

ELNUR

Chosen
7
sportinfo.az

1Sources