Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC ilə ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov imzalayıblar.
Memorandum çərçivəsində tərəflər innovativ yanaşmaların təşviqi, maarifləndirici və sosial yönümlü layihələrin həyata keçirilməsi, eyni zamanda tələbə və gənclər üçün təcrübə proqramlarının təşkilində əməkdaşlıq edəcəklər.
Xüsusilə qeyd edilməlidir ki, Memorandumun mühüm komponentlərindən biri də “Atəşgah” Sığorta Şirkətinin təşəbbüsü ilə ASAN İnnovativ İnkişaf Mərkəzində yaradılan və gənclər üçün ödənişsiz sığorta təlimlərin keçiriləcəyi “AI Zone” otağının fəaliyyətə başlamasıdır.
Layihə çərçivəsində atılan bu addım, gənclərin sığorta sahəsində maariflənməsi və təlimlərdə fəal iştirakı üçün əhəmiyyətli imkanlar yaratmaqla yanaşı, Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası və Daşınmaz əmlakın icbari sığorta növləri üzrə sığorta hadisələrinin qarşısının alınmasında dəstək göstərməyi hədəfləyir.