EN

AQTA qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları barədə məlumat yayıb

Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 millimetr, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda, yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 kilometrədək məsafə qət edə bilir.

Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.

Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.

AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.

Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.

Vətəndaşlar qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Həmçinin onlar qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda, Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura bilərlər.

Chosen
4
4
ekologiya.az

6Sources