EN

Xaricdə ali təhsilə dair əldə olunmuş saxta tanınma şəhadətnamələri aşkarlanıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan araşdırmalar nəticəsində 2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayınadək xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı saxtakarlıq halları müəyyən edilib.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövrdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə uyğun olmadığı üçün tanınma barədə imtina qərarı verilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etdiyi aşkarlanıb. Faktlar üzrə sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.

Son beş ay ərzində bu qəbildən olan 9 yeni hal qeydə alınıb.

Agentlik xəbərdarlıq edir ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi barədə verilən vədlər həqiqətə uyğun deyil. Belə hallara yol verilməsi qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər.

Bu səbəbdən, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur.

6Sources