UNESCO-nun İcraiyyə Şurasının iclasında təşkilatın yeni baş direktorunun seçilməsi gözlənilir. Odre Azule səkkizillik rəhbərlikdən sonra vəzifəsini tərk etməyə hazırlaşır. Onun yerinə iki namizəd mübarizə aparır: misirli Xaled El-Enani və konqolu Firmin Matoko.
AZƏRTAC xəbər verir ki, bu seçki yalnız fərdi ambisiyaların deyil, həm də UNESCO-nun gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə təşkilat artan tənqidlərə məruz qalıb və ekspertlərin fikrincə, yenidən öz əsas missiyasına - təhsil, mədəniyyət və elmi əməkdaşlığa qayıtmalıdır.
Fransalı siyasətçi Odre Azule 2017-ci ildə baş direktor seçildikdən sonra UNESCO-da bir sıra islahatlara start verib. Onun rəhbərliyi dövründə təşkilatın illik büdcəsi 450 milyon dollardan 900 milyon dollara yüksəlib, beynəlxalq arenadakı nüfuzu artıb. O.Azule İraqın Mosul şəhərinin bərpası, Afrika mədəni irsinin qorunması kimi layihələrə xüsusi diqqət yetirib: 2018-ci ildən bu yana 19 Afrika abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına, 37 qeyri-maddi mədəni element isə müvafiq siyahıya daxil edilib.
Lakin onun fəaliyyətinə yönələn tənqidlər də az olmayıb. O.Azulenin idarəçilik tərzi “vertikal və mərkəzləşdirilmiş” adlandırılıb, QHT-lərin və üzv dövlətlərin proseslərdə kifayət qədər iştirak edə bilmədiyi vurğulanıb. Həmçinin UNESCO-nun bəzi beynəlxalq məsələlərdə, xüsusilə Qəzza ilə bağlı passiv mövqe sərgilədiyi bildirilib.
Hazırda baş direktor postu uğrunda yarış iki təcrübəli namizəd arasında gedir. 54 yaşlı misirli egyptoloq və keçmiş mədəniyyət naziri Xaled El-Enani Afrika İttifaqı, Ərəb Liqası, Fransa və Almaniyanın dəstəyini qazanıb. O, UNESCO-nu “bütün xalqların evi” kimi görmək istədiyini bildirib və təhsil, elm və mədəni dialoq sahələrində islahatlar vəd edir.
69 yaşlı konqolu diplomat Firmin Eduard Matoko isə təşkilatda 30 ildən artıq təcrübəyə malikdir. O, Afrikada, Latın Amerikasında və Parisdə müxtəlif vəzifələrdə çalışıb. Matoko “sabitliyi pozmadan dəyişiklik” şüarı ilə çıxış edir və gənclər, qadınlar və insan inkişafı məsələlərinə diqqət yetirəcəyini vurğulayır.
Hər iki namizəd “açıq qapı siyasəti”ni müdafiə edir və təşkilatı daha inklüziv, şəffaf və çevik etməyə söz verirlər.
Yeni baş direktor zəifləyən bir UNESCO ilə üz-üzə qalacaq. ABŞ-ın 2026-cı ildə təşkilatdan yenidən çıxması ehtimalı ciddi büdcə çatışmazlığına səbəb ola bilər. Hazırda ABŞ UNESCO-nun illik büdcəsinin təxminən 8%-ni təmin edir, halbuki keçmişdə bu göstərici 22%-ə çatırdı. Vaşinqton təşkilatı “bürokratik” adlandırır və Fələstinə göstərilən dəstəyi həddən artıq sayır.
“UNESCO bir daha insan ləyaqəti üçün səs olmalıdır”, – deyə sabiq səfir Umar Keyta bildirib.
Bu gün Parisdə keçiriləcək səsvermə təşkilatın gələcək yol xəritəsini müəyyən edəcək. İndi əsas sual budur: qalib kim olacaq, islahatçı El-Enani, yoxsa təcrübəyə əsaslanan Matoko? Cavab çox keçmədən bəlli olacaq.