EN

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İş adamı Adnan Əhmədzadənin həbsindən sonra daha bir əməliyyatın başlandığı deyilir. Məlumata görə, indi də dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni araşdırmalara start verilib. Bildirilir ki, tenderlər və digər maliyyə əməliyyatları vasitəsilə əldə olunan milyon, hətta milyardlarla manatın qaytarılması istiqamətində addımlar atılır. İddialara görə, hətta bəzi vəzifəli şəxslər istintaqa cəlb edilir.

Globalinfo.az-a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov deyib ki, Azərbaycanda zaman-zaman bəzi məmurlar korrupsiya və vəsait mənimsəməsinə görə məsuliyyətə cəlb olunurlar:

Əkrəm Həsənov

“Lakin bu, sistemli mübarizənin göstəricisi deyil, yalnız ayrı-ayrı şəxslərə qarşı atılan addımlardır. Reallıq odur ki, ölkədə məmurların əksəriyyəti korrupsiyaya bulaşır və ya buna göz yumur. Bu şəxslərin gəlir və xərclər bəyannaməsi ictimai şəkildə dərc olunmalıdır. Qanunvericilikdə belə norma 20 il əvvəl təsbit olunsa da, onun icra mexanizmi hələ də yoxdur. Prezident 2005-ci ildə Nazirlər Kabinetinə bəyannamə formasının hazırlanması ilə bağlı tapşırıq verib, amma bu günə qədər icra edilməyib. İki il əvvəl həmin bəyannamənin formasını hazırlayıb baş nazirə təqdim etsəm də, heç bir cavab almadım. Bu isə göstərir ki, korrupsiyaya qarşı mübarizədə siyasi iradə və real mexanizmlər mövcud deyil.

Sözügedən qərar tətbiq olunsa, məmurun gəlir və xərcləri arasında fərq aşkar şəkildə görünəcək, hər kəs vəsaitin mənbəyini sorğulaya biləcək. Belə şəffaflıq korrupsiyanın qarşısını alan əsas vasitələrdən biridir. Adnan Əhmədzadənin həbsi fonunda digər məmurlara, vəzifəli şəxslərə qarşı araşdırmalar aparılsa da, bu, hələ də sistemli antikorrupsiya siyasəti kimi dəyərləndirilə bilməz”.

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, korrupsiya ilə bağlı genişmiqyaslı mübarizənin başladılacağı inandırıcı görünmür:

“Çünki hazırda müxtəlif dövlət qurumlarında milyonlarla manat dəyərində tenderlər məmurların, onların yaxınlarının və dostlarının şirkətlərinə verilir. Dövlət əmlakı talanır, korrupsiya halları açıq şəkildə davam edir. Adnan Əhmədzadə ilə bağlı proses fonunda kimlərinsə həbs olunacağına inam yoxdur. Bundan əvvəl də iri korrupsiya faktları aşkarlanıb, həbslər həyata keçirilib, lakin nəticə dəyişməyib. Məsələn, Beynəlxalq Bankdakı korrupsiya milyardlarla dollarla ölçülürdü, Eldar Mahmudov və onun cinayətkar dəstəsinin işi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki faktlar isə milyonlarla manatlıq yeyintilərlə bağlı idi. Amma bütün bunlardan sonra da belə hallar davam edib və bu gün də mövcuddur”.

Tural Abbaslı

Partiya sədri əlavə edib ki, hazırda aparılan prosesin köklü istintaqa çevriləcəyi real deyil:

“Böyük ehtimalla bu, hədəfli və məhdud əməliyyat olacaq. Adnan Əhmədzadə və ətrafında bir-iki nəfərin həbsi ilə proses yekunlaşacaq. Hazırda bu, daha çox kampaniya xarakteri daşıyır”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
globalinfo.az

1Sources