EN

Qara Qarayev: “Naxçıvanda azarkeşlərin dəstəyi ilə daha böyük uğurlar qazana bilərik”

"Araz-Naxçıvan” komandası Naxçıvanda azarkeşlərin dəstəyi ilə daha böyük uğurlar qazana bilər".

Bunu “Report”a açıqlamasında klubun futbolçusu Qara Qarayev deyib.

32 yaşlı yarımmüdafiəçi komandanın Naxçıvana səfərini dəyərləndirib: “Naxçıvan stadionunda daha əvvəl oynamışam, hətta final matçına da çıxmışam. Buranın atmosferi bizə çox xoşdur. Bura gəlməyimizdə xüsusilə ‘Araz-Naxçıvan’ klubunun rəhbərliyinin böyük təşəbbüsü olub. Artıq il yarımdır ki, biz Bakıda oynayırıq, yerli azarkeşlərin sevgisindən məhrum qalmışıq. Həqiqətən də burada futbola böyük maraq var. Onlara bu sevgini, sevinci bəxş etmək üçün ‘Araz-Naxçıvan’ mütləq Naxçıvana qayıtmalıdır. Burada hər həftə qolların, qələbələrin sədası eşidilməlidir.”

Qara Qarayev azarkeş dəstəyinin vacibliyini vurğulayıb: “Futbolda əsas amillərdən biri azarkeş dəstəyidir. Bakıda oynadığımız oyunlarda bu dəstəyi tam ala bilmirik. Düşünürəm ki, Naxçıvanda oynamaqla gücümüzü tam olaraq ortaya qoya bilərik. Azarkeşlərin dəstəyi ilə daha böyük uğurlar qazana bilərik. Bu stadionda oynamaq xüsusilə futbolçular üçün böyük motivasiya olardı. Biz futbolu azarkeşlər üçün oynayırıq. Tribunaların dolu olduğunu görəndə daha həvəsli oluruq və işimizə daha ciddi yanaşırıq. Azarkeşlərin stadiona gəlməsi və komandaya dəstək verməsi ‘Araz-Naxçıvan’ üçün çox önəmlidir. Ümid edirəm ki, tezliklə bu dəstəyi hiss edəcəyik.”

Qeyd edək ki, Misli Premyer Liqasında ev oyunlarını Bakıda keçirən “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun heyəti Naxçıvana səfər edib.

İdman.biz

Chosen
14
1
idman.biz

2Sources