EN

Yenə bir qadın bıçaqlandı - Mühafizə orderləri niyə işləmir?

Ramil Süleymanov: "Bu məsələdə dövlət qurumları aktiv araşdırma aparmalıdır"

Mehriban Zeynalova:"Mövcid mühafizə orderləri sadəcə olaraq bir kağız parçasıdır"

Xəbər verdiyimiz kimi, TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi zorakılığa məruz qalıb. Bu barədə TƏBİB-in Kommunikasiya Departamentinin rəhbəri Zamirə Adilova məlumat verib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. O, çoxsaylı kəsilmiş və deşilmiş yaralar diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunub.

“Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır kimi qiymətləndirilir. İnanırıq ki, dəyərli həkimlərimizin səyi və onun öz iradəsi sayəsində bu sınaqdan da güclü çıxacaq”, – deyə Z. Adilova bildirib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Cinayəti törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bu, təəssüf ki, ilk və sonuncu hadisə deyil. Artıq Azərbaycanda boşandıqdan sonra qadınların keçmiş həyat yoldaşları tərəfindən təqibə, ölümlə hədələnməyə və fiziki zorakılığa məruz qalması halları getdikcə “adi” hala çevrilir. Belə hadisələr baş verdikdə isə yenidən mühafizə orderi məsələsi gündəmə gəlir. Boşanma prosesi ilə üzləşmiş qadınlar üçün təhlükəsizlik və hüquqi müdafiə mexanizmləri xüsusi əhəmiyyət daşıyır.

Təəssüf ki, mühafizə orderi barədə ictimai məlumatlılıq hələ də aşağı səviyyədədir. Halbuki, təqibə və təzyiqə məruz qalan qadınlar üçün mühafizə orderi onların fiziki və hüquqi müdafiəsi baxımından mühüm vasitə hesab olunur.
Qeyd edək ki, 2024-cü ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilib. Qısamüddətli mühafizə orderinin verilmə müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılıb. Həmçinin, əvvəlki variantda yer alan “məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda” ifadəsindəki “cinayət məsuliyyəti yaratmadıqda” sözləri qanundan çıxarılıb.

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

img-20241229-wa0100.jpg

"Əvvəlcə onu qeyd edim ki, bu sahəni tənzimləyən bir sıra qanun və normativ aktlar mövcuddur. O cümlədən, Azərbaycan Respublikasında “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qüvvədədir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən, mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı hərəkətlərinə tətbiq edilən məhdudiyyətlər haqqında qərardır.

Ümumiyyətlə, bu məsələdə zərərçəkmiş şəxs agresorun qanunsuz davranışları, psixoloji və fiziki təzyiqləri barədə müvafiq dövlət orqanına müraciət etməklə faktiki olaraq məruz qaldığı zorakılıq və digər şiddət halları haqqında məlumat verir. Müraciət olunan qurumun əsas vəzifəsi isə məsələnin mahiyyətini araşdırmaq və bununla bağlı müvafiq qərar qəbul etməkdən ibarətdir. Qeyd edim ki, burada həm yaxın ailə münasibətlərində olan, həm də qeyri-rəsmi münasibətlərdə olan şəxslərin bir-birinə qarşı münasibətləri zamanı baş vermiş hadisələrdən, baş vermiş təzyiqlərdən, hər hansı bir formada şikayəti nəzərdə tutulub. Mühafizə orderinin iki növ forması vardır: uzunmüddətli və qısamüddətli. Qısamüddətli mühafizə orderləri, 60 gün müddətinə verilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan mühafizə orderində şəxsin üzərinə üç əsas öhdəlik qoyulur. Bunlardan biri həmin hadisənin təkrar törədilməməsidir. Eyni zamanda, zərərçəkmiş şəxsin yeri müəyyən olmadıqda, onu axtarmaq, və eyni zamanda həmin şəxsin narahatlığına səbəb olan digər hərəkətləri törətməmək nəzərdə tutulur. Uzunmüddətli mühafizə orderi isə məhkəmə qərarı əsasında verilir və 90-60 gündən 180 günə qədər müddət üçün müəyyən olunur. Eyni zamanda bildirmək istəyirəm ki, əgər məişət zorakılığına məruz qalmış, zərərçəkmiş şəxsin bədənində hər hansı xəsarətlər olarsa, bu hal inzibati və o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu məsələdə dövlət qurumları aktiv araşdırma aparmalı, arzuolunmaz nəticələrin qarşısının alınması üçün tərəflərin şikayətləri vaxtında və bütün detalları ilə araşdırılmalıdır".

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

mehriban_zeynalova.jpg

"Əslində, bu hadisələr bir daha göstərir ki, əksər hallarda hadisələr baş verdikdən sonra hansısa fəaliyyətlərin dəyişdirilməsinə ehtiyac yaranır. Ölkəmizdə mühafizə orderi mövcuddur və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir, amma , mühafizə orderinin tətbiqi hələ təhlükəsizliyin tam təmin olunması demək deyil. Çünki bizim mövcud mühafizə orderləri sadəcə olaraq bir kağız parçasıdır. Onun arxasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, risklərin qiymətləndirilməsi və şəxsin real təhlükəsizlik mexanizmlərinin müəyyən edilməsi dayanmalıdır. Xüsusilə də, əgər şəxs davamlı şəkildə manipulyasiya edir, hədələyir, mesajlar göndərir, narahatlıq yaradırsa, artıq mühafizə orderinin tətbiqi ilə yanaşı, əlavə təhlükəsizlik tədbirlərinin də görülməsi vacibdir.

Əgər bu fəaliyyətlər həyata keçirilmir­sə, həmin kağız parçası heç bir nəticə vermir.

Baxın, burada əsas sual yaranır: riskin qiymətləndirilməsi aparılırmı? Mühafizə orderi verilməzdən öncə mütləq şəkildə riskin qiymətləndirilməsi aparılmalıdır. Yəni həmin şəxsin hərəkətləri, davranışları, aqressivlik səviyyəsi nəzərə alınmalıdır.
Biz çox zaman deyirik ki, xəsarət yoxdursa, mühafizə orderi verilə bilməz. Amma ola bilər ki, hadisənin əvvəlində hələ fiziki xəsarət olmasın. Bu halda mühafizə orderinin tətbiqi mümkün olmur, çünki xəsarət faktı yoxdur. Halbuki risk əlamətləri artıq mövcuddur. Mənə elə gəlir ki, belə halların qarşısını almaq üçün riskin qiymətləndirilməsi mexanizmi bütün müraciətlərdə tətbiq olunmalıdır ki, hadisələr böyümədən, faciəvi nəticələr baş vermədən qarşısı alınsın".

Afaq Mirayiq,
Musavat.com

Chosen
26
18
musavat.com

10Sources