EN

“İtkin şəxslərlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb” - Yenilənib

“Hazırda 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb, sistemləşdirilib”.

Hurriyyet.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının sədri, DTX rəisi Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

O bildirib ki, mütəxəssislər itkin düşmüş şəxslərin böyük əksəriyyətinə aid bioloji nümunələrin toplanılmasını müsbət qiymətləndirir:

“Vurğulamalıyam ki, itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması Dövlət Komissiyasının qarşısında duran ən ümdə vəzifələrdəndir”.

***

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının sədri, DTX rəisi Əli Nağıyev bildirib ki, 2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb.

Onun sözlərinə görə, bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib: “Onu da diqqətinizə çatdırmalıyam ki, sözügedən ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib.

Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib”.

Chosen
21
6
hurriyyet.az

7Sources