EN

ABA-nın prezidenti Zakir Nuriyev Bakı Fintex Forumunda fintex ekosisteminin gələcək inkişafından danışıb

BAKI, TurkicWorld

8 oktyabr 2025-ci il tarixində keçirilən Bakı Fintex Forumu çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev fintex ekosisteminin bu günü və gələcək inkişaf istiqamətləri barədə çıxış edib.

Aşağıda Zakir Nuriyevin çıxışının tam mətnini sizə təqdim edirik:

Hörmətli tədbir iştirakçıları,

Xanımlar və cənablar!

Sizi fintex ekosisteminin bu günü və gələcək inkişaf istiqamətlərinin, habelə ekosistem üçün əhəmiyyətli olan bir sıra məsələlərin müzakirə ediləcəyi Bakı Fintex Forumunda hər birinizi salamlayıram! Məlum olduğu kimi, Mərkəzi Bankın egidası altında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ölkəmizdə rəqabətədavamlı, qabaqcıl beynəlxalq təcrübə və trendlər nəzərə alınmaqla fintex ekosisteminin formalaşdırılmasına imkan verdi. Fintex ekosisteminin formalaşdırılması istiqamətində qanunvericilik tələblərinin müəyyən edilməsi, mühafizəkar mövqedən çıxış edərək ekosistemin daha dayanıqlı əsasda qurulmasına və ekosistemdə sağlam təşkilatların təmsil olunmasına şərait yaratdı. Ödəniş xidməti təchizatçıları sırasına elektron pul təşkilatları və ödəniş təşkilatlarının əlavə olunması isə rəqəmsal ödəniş ekosistemində yeni həll və texnologiyaların tətbiqi ilə yanaşı, yeni rəqabət sahələrinin yaranmasına səbəb oldu. Çıxışımı bank və fintex ekosistemi arasında qarşılıqlı əlaqənin dərinləşməsi və ekosistemin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə aparılacaq islahatlara dair təkliflərlə davam etdirmək istərdim. İlk növbədə qeyd edilməlidir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi, yeni əlavə və dəyişikliklərin müəyyən edilməsi zamanı daxili bazarda ödəniş xidmətləri haqqında Avropa Direktivinə təklif edilən üçüncü nəsil dəyişikliklər də nəzərə alınmalıdır.

Nümunə olaraq, elektron pul təşkilatları tərəfindən pul vəsaitlərinin birdən çox sayda bankda saxlanılması tələbi qeyd edilə bilər. Bu yanaşma ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha da möhkəmləndirməklə, elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir. Hesab edirik ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv formada tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir. Bu, ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcəkdir. Bərabər rəqabət mühitinin qorunub saxlanılması və bu əsasda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə məlumatlardan istifadə edilməsi və bu alətin daha effektiv idarə olunması üçün qabaqcıl Avropa təcrübəsindən yararlanmalıyıq. Bu məqsədlə məlumatların saxlanılması, istifadəsi və ümumilikdə məlumatlarla işin təşkili üzrə qanunvericilik tələbləri müəyyən edilməlidir. Bu, həmçinin ekosistem iştirakçıları üçün bərabər imkanlar yaratmağa və məlumatın hər bir iştirakçı üçün bərabər şərtlər altında əlçatan olmasına imkan verəcəkdir. Məlum olduğu kimi, ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödəniş dövriyyəsinin 87%-i elektron ticarətin payına düşür. Elektron ticarət son illərdə sıçrayışla inkişaf edir. Bu inkişaf tendensiyasının daha davamlı olması, kiçik və orta sahibkarlıq subyektlərinin elektron ticarətə cəlb edilməsi, habelə maliyyə xərclərinə qənaət baxımından, elektron ticarətdə ödəniş əməliyyatları üzrə hesablaşma müddətləri iştirakçılar arasında müstəqil qaydada tənzimlənməlidir.

Ödəniş əməliyyatlarının qabaqcıl beynəlxalq təcrübə əsasında aparılması, habelə Ani Ödənişlər Sisteminin imkanlarından tam əsasda istifadə edilməsi üçün İBAN əsaslı unikal eyniləşdirici strukturun tətbiqi və ödəniş hesablarının bu əsasda açılmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Ekosistemdə rəqabət mühiti artdıqca bu tələbin icrasının gözlənilməsi ödəniş xidməti istifadəçilərinin bərabər şərtlər altında cəlb edilməsi baxımından mühüm rol oynayacaqdır. Bank–fintex əməkdaşlığı çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı birgə mübarizə tədbirlərinin daha da effektiv olması və bu tədbirlərin icrasına bütün fintex ekosistemi iştirakçılarının cəlb edilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu tədbirlər mərkəzləşdirilmiş platformanın yaradılması ilə yanaşı, hər bir ödəniş xidməti təchizatçısı tərəfindən fərdi qaydada tədbirlərin görülməsini, infrastruktur imkanlarının təkmilləşdirilməsini, əlavə resursların cəlb edilməsini və preventiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır. Bu sahədə həmçinin xarici ödəniş xidməti təchizatçıları ilə qarşılıqlı əlaqələr, məlumat mübadiləsi və başa çatmayan ödəniş əməliyyatlarının həlli prosesi kimi məsələlər daha şəffaf və aydın şəkildə tənzimlənməlidir. Hesab edirik ki, ödəniş xidməti istifadəçiləri tərəfindən ödəniş alətlərinin başqa şəxslərə təqdim edilməsi nəticəsində baş verən fırıldaqçılıq əməliyyatları üzrə qanunvericilikdə məsuliyyət hədlərinin müəyyən edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və bu əsasda tələblərin formalaşdırılması birgə mübarizənin daha effektiv qurulmasına imkan verəcəkdir.

Eyni zamanda, hesab edirik ki, ekosistemdə növbəti strateji dövrdə açıq maliyyə yanaşmasının uğurla tətbiqi üçün açıq bankçılıq platformasına fintexlərin də inteqrasiyası prosesi sürətləndirilməlidir. Paralel olaraq, açıq bankçılıq üzrə vahid standartların müəyyən edilməsi isə ödəniş xidməti təchizatçıları arasında inteqrasiya əlaqələrinin bərabər əsaslarla qurulmasına şərait yaradacaqdır. İnnovativ həll və texnologiyaların tətbiqinin daha da genişləndirilməsi üçün tənzimləyici test rejiminin tətbiqi imkanları mövcud inkişaf tendensiyasına uyğun olaraq yenidən təkmilləşdirilə bilər. Nümunə olaraq, bu prosesin davamlı olması və müraciətlərin daimi əsasda qəbulu təmin edilməlidir. Ümumən “sandbox” adlanan tənzimləyici test rejimində layihələrin bəzi hallarda uğursuz olması özü də bir uğur və gələcəyə doğru inkişaf deməkdir. Ekosistem iştirakçıları tənzimləyici test rejimində yeni layihələrin sınaqdan keçirilməsinə daha əsaslı yanaşmalı və onu prioritet hədəflərdən biri etməlidir. Bu yanaşmanın tətbiqi üstünlüklərini nəzərə alsaq, hər bir təşkilatın iştirakı ekosistemdə yenilikçi mədəniyyətin formalaşmasına töhfə verəcəkdir. Hesab edirik ki, tənzimləyici test rejimində tətbiq edilən nəzarət və tənzimləmə tədbirləri ənənəvi yanaşmadan fərqlənməlidir Nəticə etibarilə, əminliklə deyə bilərik ki, bu gün ölkəmizdə fintex ekosistemi həyata keçirilən uğurlu islahatlar fonunda inkişaf edir, banklarla qarşılıqlı inteqrasiyalar daha da dərinləşir və yeni fəaliyyət istiqamətləri müəyyən edilir. Ekosistemdə təmsil olunan hər bir ödəniş xidməti təchizatçısına və Forumun gündəliyinə uğurlar arzulayıram.

Chosen
63
2
turkic.world

4Sources