EN

Türkiyə rəsmisi: İtkin düşmüş şəxslərlə bağlı Azərbaycanda müzakirə xüsusi məna daşıyır

Türkiyə
“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması insani məsuliyyətdir”. 1news.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Türkiyə Respublikası ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu deyib.
Zəfər Tarıkdaroğlu çıxışında bildirib ki, qardaş Azərbaycanla ortaq və qədim tarixə söykənən mədəni, iqtisadi və siyasi əməkdaşlıq regional sabitlik və sülhün möhkəmlənməsində mühüm rol oynayır: “Bu dostluq iki ölkə xalqları arasında qardaşlığı gücləndirməklə yanaşı, gələcək nəsillər üçün də gözəl bir nümunə yaradır. Bu gün burada müzakirə etdiyimiz itkin düşmüş şəxslər məsələsi təkcə müəyyən bir bölgəni deyil, bütün insanlığın ortaq vicdanını maraqlandıran ümumbəşəri problemdir. Hər bir itkin, bir ailə üçün bitməyən gözlənti, bir cəmiyyət üçün isə dinməyən ağrıdır. Ananın övladından gələcək xəbəri ümidsizcə gözləməsi, bir uşağın atasının izini axtarması – bunların hamısı insanın qəlbində dərin izlər buraxır”. Nazir müavini qeyd edib ki, Türkiyə olaraq itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət vəzifəsi deyil, həm də insani məsuliyyət hesab edirlər: “Hər bir itkin insan, insanlıq ləyaqətinin bir parçasıdır. Tariximizin müxtəlif dövrlərində biz də bu ağrını yaşamışıq. Koreya müharibəsinə qatılan türk əsgərlərindən 724 nəfəri şəhid olub, hazırda 296 qazimiz həyatda qalmaqdadır. Təəssüf ki, həmin qəhrəmanlarımızdan 167-sinin nəşinə hələ də çatmaq mümkün olmayıb. Onlar sülh və insanlıq uğrunda itkin düşmüş, lakin unudulmamış övladlarımızdır”. Zəfər Tarıkdaroğlu vurğulayıb ki, bu mövzunun Azərbaycan torpağında müzakirə olunması xüsusi məna daşıyır: “Azərbaycan da yaxın tarixində oxşar faciələri yaşamış, itkin düşən yaxınlarının sükut içində gözləyən ailələri bu torpağın yaddaşında dərin izlər buraxmışdır. Bu səbəbdən Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik təkcə iki dövlət arasında deyil, iki qardaş xalqın ortaq vicdanında kök salmış güclü bir bağdır. Qarabağda bərpa olunan sülh mühiti bu qardaşlığın ədalət və insanlıq naminə nə qədər mühüm dayağa çevrildiyini bir daha sübut etmişdir”. Nazir müavini əlavə edib ki, hər bir itkin hadisəsi geridə qalan qəlblərdə silinməz izlər qoyur: “Bu qlobal yara hələ də qanamaqdadır. Müharibələr, toqquşmalar, təbii fəlakətlər və siyasi böhranlar minlərlə insanı sevdiklərindən ayırır. Təəssüf ki, bu faciə dünyanın bir çox bölgəsində bu gün də təkrar olunur. Uşaqların itkin düşməsi, evlərin viran qalması, qadınların səssiz ağrısı – bunların hər biri insanlığın vicdanını sarsıdır”. Zəfər Tarıkdaroğlu çıxışında Fələstində baş verən humanitar faciəyə də toxunub: “Hazırda Fələstində 63 min insanın həyatını itirdiyini, 8–9 min nəfərin isə hələ də itkin olduğunu bilirik. Bu rəqəmlər sadəcə statistika deyil – ümidləri sönmüş ailələrin, dağılmış həyatların hekayəsidir. Belə bir faciə ilə üzləşmək insanlıq vicdanını dərin şəkildə sarsıdır. Bu mənzərə bizə göstərir ki, məzlumun səsi olmaq, insan ləyaqətini qorumaq artıq seçim deyil, mənəvi borcdur”. O, qeyd edib ki, itkin düşmüş şəxslərlə bağlı səylər təkcə keçmişin ağrılarını azaltmaq üçün deyil, gələcəkdə oxşar faciələrin yaşanmaması üçün də mühüm əhəmiyyət daşıyır:

“Türkiyə Respublikası olaraq biz, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında, hər bir itkinin axtarılmasını, hər ailənin ümidi olmağı və hər bir məzlumun yanında dayanmağı insani borc kimi qəbul edirik”

Chosen
18
1news.az

1Sources