EN

"Türk birliyi artıq ideya deyil, siyasi və iqtisadi reallıqdır" - Deputat

"Mühüm beynəlxalq münasibətlərin yeni mərhələsinə qədəm qoyuruq".

Redaktor.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov bildirdi.

"Dünya dəyişir, tək qütblü sistem öz yerini yeni güc mərkəzinə verir. Regional aktorların rolu artır. Bu dəyişikliklər fonunda TDT özünəməxsus yeri, gücü və nüfuzu ilə seçilir. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü bu baxımdan tarixi hadisədir. Bu zirvə bir daha göstərdi ki, türk birliyi artıq ideya deyil, siyasi və iqtisadi reallıqdır.

Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışı zirvənin strateji ruhunu tam şəkildə əks etdirdi və bu birlik ideyasının qlobal mahiyyətini ortaya qoydu. Hörmətli millət vəkilləri, Azərbaycan bu birliyin ideoloji və strateji lokomotividir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Türk dünyasının həmrəyliyini ideyadan reallığa çevirən əsas qüvvə kimi çıxış edir. Prezidentin “bizim ailəmiz Türk dünyasıdır” fikri Azərbaycan diplomatiyasının fəlsəfəsini ifadə edir. İnanırıq ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi bu təşkilatın inkişafına yeni bir impuls verəcək.

TDT-nin Qəbələ zirvəsinin əsas mövzusu regional sülh və təhlükəsizlik idi. Azərbaycan Prezidenti türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacib olduğunu bəyan etdi və strateji bir təşəbbüslə çıxış edib 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Hesab edirəm ki, bu zamanın tələbidir. Çünki sülh və təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Sülh isə gücdən, güc də birlikdən, ittifaqdan doğur. Bugünkü dünyada hərbi güc hər bir ölkənin suverenliyinin və ərazi bütövlüyünün əsas təməlidir. Bu təlimlər Türk təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində mühüm addım olmaqla yanaşı, həm də türk dünyasının siyasi həmrəyliyini, strateji iradəsini və birgə gücünü nümayiş etdirəcək.

TDT Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək türk həmrəyliyinin əməli təzahürüdür. Bu həmrəylik yalnız siyasi deyil, mənəvi bir məsuliyyətin göstəricisidir. Cənab prezident tərəfindən 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji qurultayın gələn il 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunması təşəbbüsünün irəli sürülməsi də türk kimliyinin elmi və mənəvi əsaslarının möhkəmləndirilməsinə yönəlmiş addımdır. Bu, yumşaq gücün ən təsirli formasıdır, çünki mədəniyyət üzərində qurulan birlik həmişə dayanıqlı olur".

Aminə 

Chosen
52
2
redaktor.az

3Sources