EN

“Valideynlərin həddindən artıq müdaxiləsi uşaqları davakar edə bilər” Psixoloq

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Uşaqlar sinifdə dava etdikdə valideynlərin çox qarışması vəziyyəti daha da gərginləşdirə bilər. Bəzən valideynlər uşağı sanki öz əşyası kimi qəbul edir və ona həddindən artıq bağlılıq nümayiş etdirirlər. Bu yanaşma uşağın sosial və emosional inkişafına mənfi təsir göstərə bilər”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova qeyd edib:

“Valideynlərin məqsədi uşağa nəzarət etmək və onu düzgün istiqamətləndirmək olmalıdır. Lakin uşağı həddindən artıq yükləmək və təzyiq göstərmək düzgün deyil. Belə uşaqlar sinifdə daha çox davakar ola bilər və həmyaşıdları ilə, həmçinin böyüklərlə konfliktə girmək istəyə bilərlər.

Valideynin vəzifəsi uşağı müdafiə etmək yox, ona düzgün sərhədlər qoymaqdır. Emosional yük uşağın davranışına mənfi təsir göstərə bilər və müəllimlərlə davamlı qarşıdurma uşağın adaptasiyasını çətinləşdirir.

Hər uşaq fərqlidir və fərdi yanaşma vacibdir. Valideynlərin həssas mövzularda sakit və ölçülü reaksiya verməsi tövsiyə olunur. Həddindən artıq müdaxilə uşağın özünü ifadə etməsinə mane ola bilər, buna görə də uşaqlara sərbəstlik vermək sosial bacarıqlarının inkişafına yardım edir.

Uşaqların məsuliyyət hissi və sosial davranışı tədricən formalaşır. Ailədəki harmonik münasibət və məktəblə ev arasında koordinasiya uşağın davranışına birbaşa təsir edir. Valideynlər uşağın səhvlərini normal qəbul etməli və onu daim müdafiə etməməlidir.

Nəticədə, balanslı və sevgi dolu yanaşma uşağın həm emosional, həm də sosial inkişafını dəstəkləyir. Uşaqlara ölçülü nəzarət və düzgün sərhədlər qoymaq, onları yükləmədən böyütmək gələcəkdə həm sinifdə, həm də həyatda uğurlu olmaqlarına kömək edəcəkdir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
icma.az

1Sources