EN

Rusiya Azərbaycanın tələbini yerinə yetirdi - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Türk dövlətlərinin gələcəyi ilə bağlı bir çox məsələlərdə olduğu kimi, bu tədbirdə də Prezident İlham Əliyev çox önəmli mesajlar verdi. Qürurvericidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu prosesə ən çox töhfə verən ölkələrdən biri də məhz Azərbaycandır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Türk Dövlətlərinin rəhbərlərinin Zirvəyə qatılması budəfəki tədbirin əhəmiyyətini artıran məsələlərdən biridir və artıq bu tədbirlərdə Türkmənistan və Şimali Kipr Respublikalarının prezidentləri də iştirak edirlər:

“Prezident İlham Əliyev çıxışında ortaq tarix və etnik köklərin və dillərin türk dünyasını ailə kimi birləşdirdiyini vurğulayaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu məsələ gələcəkdə türk dövlətlərinin ordularının döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezidentin çıxışında önəmli məqamlardan biri də birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı idi. Bu məsələdə də Prezident İlham Əliyev təşəbbüsü ələ alaraq həmin qurultayın 100 illiyinin keçirilməsini təklif etdi. Bu sadəcə bir qurultay deyil, eyni zamanda mühüm tarixi hadisələrin gənc nəslin yaddaşına həkk olunmasıdır”.

C.Məmmədov Prezident İlham Əliyevin Tacikistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə də diqqət çəkib. O, bildirib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək olub. Münasibətlərin pisləşməsinə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyıb:

“Prezident İlham Əliyevin ötən dövrdə apardığı məhz prinsipial və qətiyyətli siyasət nəticəsində Azərbaycan daha bir məqsədinə nail oldu. Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur”.

Chosen
36
1
hafta.az

2Sources