EN

“Rusiya Azərbaycanın düşməni deyil, ancaq dostu da deyil...” - Siyasi şərhçi

Yazını böyüt
Yazını kiçilt

“Rusiya ilə Azərbaycan arasında üst-üstə düşən bir sıra faktorlar var. Hər iki dövləti iqtisadi, ticari, siyasi, humanitar, mədəni və təhlükəsizlik sahəsində maraqları birləşdirir. Rus və Azərbaycan xalqı bir-birlərinə inteqrasiya olunublar və hakimiyyətlər arasında müəyyən ziddiyyətlər, fikir ayrılıqlarına baxmayaraq bu bağlar qopmayıb. Doğrudur, şovinsit və imperiyapərəstlər təkcə Azərbaycana deyil, postsovet məkanına ənənəvi nüfuz zonası və müstəmləkəsi kimi yanaşıb. Məhz belə təfəkkür nəticə etibarı ilə Moskva ilə keçmiş ittifaq respublikaları arasında soyuqlaşmaya və məsafəli  davaranışa gətirib çıxarıb”.

Bu fikirləri hafta.az-a açıqlamasında “Məlum təyyarə faciəsindən iki ölkə arasında bəri baş verənlər fonunda Düşənbədə Əliyev-Putin görüşü və dünyada, xüsusən də Ukraynadakı savaşla bağlı yaranmış geo-siyasi durumda Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi haqda nələr düşünürsüz?” sualını cavablandırarkən ifadə edib.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan Rusiyanın imperiya mahiyyətini bildiyindən Moskva ilə münasibətlərdə ehtiyatını əldən verməyib:

“Rəsmi Bakı daim çalışıb ki, hər iki dövlətin qarşılıqlı maraqlarını təmin edən,  müttəfiqlik ruhuna uyğun siyasət yürütsün. Təəssüflər olsun ki, Kremlin iddiaları və ambisiyaları, bəzən davakar tərzi buna imkan verməyib. Ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin avialaynerinin Qroznı səmasında vurulması və sonrakı proseslər Rusiyanın  güvənli olmadığını bir daha təsdiq etdi.  Kreml cinayətkarları cəzalandırmaq, üzr istəmək və kompensasiya ödəmək əvəzinə, başqa yol seçdi. Ancaq Kremldəkilər anladılar ki, yanlış seçim ediblər və Bakının iradəsini bü üsullarla sındırmaq mümkün deyi. Azərbaycan öz haqlı tələblərindən bir addım da geri çəkilməyəcək. Əgər Rusiya törədilən cinayətin məsuliyyətini etiraf etməsə, o zaman beynəlxalq məhkəmə bu məsuliyyəti üzərinə qoyacaq. Prezident İlham Əliyev mətbuata açıqlamasında AZAL-ın təyyarə qəzası işinin beynəlxalq məhkəməyə daşınalacağını açıq şəkildə bəyan etmişdi və prosesin inkişafı ona aparırdı.  Həm Azərbaycanla gərginlik, həm də beynəlxalq məhkəmə məsələsi Moskvanın indiki vəziyyətdə  arzulamadağı situasiya yaratmışdı. Ona görə də Putin barış üçün ilk addımı atmaq məcburiyyətində qaldı. Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Prezident İlham Əliyevə əl uzatdı. Sammitdən sonra keçirdiyi birifinqdə Azərbaycanla-Rusiya arasında problemlərin olduğunu etiraf etməklə yanaşı, münasibətlərin nizamlanmasının vacibliyini dilə gətirdi. Dövlət başçısının  Putinin doğum günü ilə bağlı təbrik zəngi incikliyin aradan qaldırılması istiqamətində addım kimi qiymətləndirildi və Rusiya mediasının manşetinə düşdü.

Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfəri Azərbaycanla Rusiya arasında gərginliyin aradan qaldırılmasında bir fürsət oldu. Hər iki dövlət başçısı görüşərək soyuqluğu yaradan səbəblərin aradan qaldırılması barədə fikir mübadiləsi apardılar. Putin əvvəlkilərdən bir qədər fərqli olaraq təyyarənin texniki nasaz vəziyyətdə olan hava müdafiə sistemi tərəfindən hədəf alındığını, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bəyan etdi. Eyni zamanda faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədiyini, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırlatdı. Məncə, Putin-Əliyev görüşü “buzlar əriməsinə” istilik gətirsə də, amma inamsızlığın "soyuqluğu" hələ də davam edəcək. Çünki, Kremlin Azərbaycanda istədikləri çox şeylər var və bunu ala biləcəyi ağılabatan deyil”.

“Moskva Bakının çoxvektorlu, balanslaşdırılmış xarici siyasətindən, Qlobal Cənub və Qlobal Qərb arasında körpü olamasından, Türkiyə-Pakistan-Böyük Britaniya-İsrail müttəfiqliyindən, TDT-də aktiv və lokomotiv rolundan, həmçinin Cənubi Qafqazda söz sahibinə çevrilməsindən məmnun deyil. Bununla belə, Kreml beynəlxalq izolyasiya və  sanksiyalara məruz qaldığı indiki halında Azərbaycanı itirmək istəmir. Azərbaycan da xarici siyasətinin ana xəttini saxlamaqla Rusiya ilə əlaqələrinin gərgin atmosferdə davamında maraqlı deyil. Odur ki, bütün beynəlxalq platformalarda Moskvanın əleyhinə addımlardan çəkinib və barışıq üçün əl yeri qoyub. Hesab edirəm ki, Putin-Əliyev görüşü gələcək iqtisadi, ticari, humanitar əlaqələrin inkişafına stimul versə də, əvvəlki strateji müttəfiqlik səviyyəsinə çatmaq üçün xeyli məsafə qət edilməli, təşəbbüslər göstərilməlidir. Təbii ki, Kreml reallıqları düzgün qiymətləndirərək buna uyğun qərarlar qəbul edərsə, uduşu var. Ümid edək ki, Putin Azərbaycanla bağlı yanlış hesablamalar aparmayacaq.  Onu da unutmayaq ki, Rusiya Azərbaycanın düşməni deyil, ancaq dostu da deyil. Kreml imperiya ambisiyalarından da vaz keçməyib”, -deyə yekunda Əli Orucov vurğulayıb.

Sultan Laçın

 

 

Chosen
32
50
hafta.az

10Sources