EN

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın infrastrukturunu bombalayıb

Təl-Əviv bildirir ki, hava zərbələri “Hizbullah”ın mühəndis texnikası və hərbi obyektlərinə endirilib — azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanın cənubundakı ərazilərə növbəti dəfə hava zərbələri endirib. Ordunun mətbuat xidmətinin məlumatına görə, hücumlar “Hizbullah” təşkilatına məxsus hərbi infrastruktur və mühəndis texnikasına qarşı həyata keçirilib. Rəsmi Təl-Əviv iddia edir ki, həmin texnika “Hizbullah” üzvləri tərəfindən əvvəlki əməliyyatlarda dağıdılmış postların və istehkamların bərpası üçün istifadə olunurdu.

İsrail tərəfi bəyan edib ki, “Hizbullah”ın bu bölgədəki fəaliyyəti və texnikanın mövcudluğu Livanla imzalanmış sazişlərin pozulması deməkdir. “Bu cür fəaliyyətlər 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasının birbaşa pozuntusudur”, – ÇAXAL nümayəndələri vurğulayıblar.

Livanın “əl-Məyadin” telekanalının məlumatına görə, hücumlar nəticəsində azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hava zərbələri Müsəylih və Nəccariyyə şəhərləri arasında yerləşən ərazilərdə endirilib.

Qeyd edək ki, İsrail ordusu son aylarda Livan ərazisinə bir neçə dəfə oxşar zərbələr endirib. Oktyabrın 3-də İsrail hərbçiləri “Hizbullah”ın silah anbarlarının, yeraltı obyektlərinin və hərbi tikililərinin yerləşdiyi bildirilən bölgəni bombalamışdı. Bundan əvvəl may və iyun aylarında da oxşar əməliyyatlar həyata keçirilmişdi.

Rəsmi Beyrut hadisəni İsrailin atəşkəsi pozması kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bölgədə vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb.

Poliqon.info

Chosen
90
14
poliqon.info

10Sources