Dünən Təzəpir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub. Qeyd edib ki, onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda yaşayacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini deyib. Mərhumun sənət dostları – Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Brilyant Dadaşova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əminə Yusifqızının xatirəsinin xalqımızın qəlbində yaşayacağını söyləyiblər.
Bildirilib ki, Əminə xanım həm böyük sənətkar, həm də səmimi və mehriban insan idi. Onun səsi, ifası və yaradıcılığı xalqımızın yaddaşında dərin iz buraxıb. O, xalqımızın sevgisini qazanmış nadir sənətkarlardandır.
Vida mərasimindən sonra Xalq artisti Əminə Yusifqızı Bakının Yasamal rayonunda, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
XQ