Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə “Müasir Azərbaycan təhsilinin sosial-psixoloji problemləri” mövzusunda II respublika forumu keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, forumun keçirilməsində əsas məqsəd müasir təhsil sistemində psixoloji xidmətin rolunu artırmasına və məktəb psixoloqlarının peşəkar inkişafına dəstək vermək, onların nəzəri və praktiki biliklərini təkmilləşdirmək, həmçinin psixologiya elminin müasir istiqamətlərinin tətbiqi imkanlarını müzakirə etmək olub.
Forumun açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, psixoloji xidmət müasir təhsil sisteminin mühüm tərkib hissəsidir və uşaqların fərdi xüsusiyyətlərinin, maraqlarının vaxtında müəyyənləşdirilməsi, onların yaradıcı potensialının inkişaf etdirilməsi təhsil prosesinin əsas məqsədlərindəndir. Rektor vurğulayıb ki, təhsil prosesində sağlam sosial-psixoloji mühitin formalaşdırılması təhsil müəssisələrinin prioritet istiqamətlərindən biridir və psixologiya elminin yeni yanaşmalarının tətbiqi pedaqoji prosesin keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. C.Cəfərov belə forumların elmi biliklərin praktik təcrübəyə tətbiqi baxımından vacibliyini qeyd edib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev qeyd edib ki, bu kimi forumlar psixologiya elminin tətbiqi imkanlarını genişləndirmək və müasir təhsil siyasətinə elmi əsaslar qazandırmaqla yanaşı, təhsil müəssisələri arasında təcrübə mübadiləsini gücləndirir, müasir təhsil siyasətində psixologiyanın rolunun daha da artmasına şərait yaradır.
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova vurğulayıb ki, psixoloji xidmət müasir təhsil sisteminin üzvi komponentlərindən biridir. Onun tətbiqi uşaqların intellektual imkanlarının, şəxsiyyətyönümlü potensiallarının, təbii imkan və qabiliyyətlərinin, maraq və meyillərinin vaxtında aşkara çıxarılmasını, təlim və tərbiyə prosesləri vasitəsilə maksimum inkişaf etdirilməsini təmin edir. Məktəb psixoloqu hazırlığının əsas mərkəzi olan ADPU-nun Məktəbəqədər hazırlıq fakültəsində bu istiqamətdə aparılan işlərdən söz açan N.Hüseynova psixoloji-pedaqoji laboratoriyada tələbələrə praktik məşğələlər keçirildiyini, onların peşəkar fəaliyyətə hazırlanması istiqamətində real situasiyalar üzərində iş aparıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, ADPU-nun beş tədris korpusunda fəaliyyət göstərən psixoloji xidmət mərkəzləri tələbələrin sosial adaptasiyasına, akademik fəaliyyətinə və fərdi inkişafına dəstək göstərir. Burada I kurs tələbələrinə universitet mühitinə uyğunlaşma, motivasiya və şəxsi inkişaf mövzularında psixoloji məsləhətlər təqdim olunur, imtahan prosesində yarana biləcək psixoloji gərginliklər zamanı dəstək prosesi təşkil edilir.
Forum plenar iclasdan sonra işini panel sessiyada davam etdirib. Panel müzakirələrində müasir təhsildə psixoloji xidmətin yeni modelləri, şagirdlərin sosial adaptasiyası, məktəb mühitində emosional rifahın təmin olunması, psixoloqların peşəkar hazırlığı və valideyn-psixoloq əməkdaşlığının əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edənlər təhsil müəssisələrində psixoloji xidmətin inkişafı üçün müasir yanaşmalar, innovativ psixoloji metodlar və inteqrativ təlim modelləri barədə təkliflər səsləndiriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.