Milli.Az xəbər verir ki, Norveçin paytaxtı Osloda yerləşən Norveç Nobel İnstitutunda keçirilən mətbuat konfransında, 2025 Nobel Sülh Mükafatının Venesuela müxalifət lideri Maria Korina Maçadaya verildiyi açıqlanıb.
Maçado bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını müdafiə etmək və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda apardığı mübarizəyə görə" layiq görülüb.
ABŞ prezidenti Donald Trampın da vaxtilə arzuladığı Nobel Sülh Mükafatı bu dəfə mərc qalmaqalı ilə gündəmə gəlib. Məlumata görə, mükafat açıqlanmadan bir neçə saat əvvəl Maçadoya qoyulan mərclər sürətlə artmağa başlayıb.
Başlanğıc ehtimal: %3,75
Bir neçə saat içində: %72,8
Bu kəskin dəyişiklik rəsmi açıqlamadan əvvəl məlumatın bəzi şəxslərə ötürüldüyü şübhələrini gücləndirib.
Mərcdəki artımı görən çox sayda istifadəçi Maçado adına yüksək məbləğlər yatırıb. Bəzi hesabların yeni yaradılması da diqqət çəkib. İddialara görə, bir istifadəçi bu prosesdən 65 min dollardan çox qazanıb.
Nobel İnstitutunun rəhbəri Kristian Berq Harpvikken mövzu ilə bağlı Bloombergə açıqlama verib:
"Məlumatlarımızdan pul qazanmaq istəyən cinayətkar qrupların hədəfi olmuş ola bilərik."
O, hələlik dəqiq sübutun olmadığını, lakin rəsmi araşdırmanın başladıldığını bildirib.