ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son on gün ərzində Prezident İlham Əliyevin iştirak etdiyi dörd beynəlxalq sammit - Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvəsi, MDB Dövlət Başçılarının Düşənbə görüşü, Türk Dövlətləri Təşkilatının Qəbələdəki sammiti və Misirdə təşkil olunan Yaxın Şərq Sülh Sammiti - Azərbaycanın diplomatik fəallığının miqyasını və xarici siyasət kursunun gücünü açıq şəkildə göstərdi.
Bu qısa müddətdə müxtəlif siyasi mərkəzlərdə keçirilən yüksək səviyyəli toplantılarda iştirak Azərbaycanın artıq regional oyunçu deyil, beynəlxalq arenada qərarların formalaşmasına təsir edən ölkəyə çevrildiyini göstərir. İlham Əliyevin eyni dövrdə Qərb, Şərq və postsovet məkanında aparılan dialoqlarda aktiv rolu, onun rəhbərlik etdiyi dövlətin çevik, balanslı və etibarlı tərəfdaş kimi qəbul olunmasının nəticəsidir.
Xüsusilə Yaxın Şərq Sülh Sammitinə dəvət Azərbaycanın artan diplomatik çəkisini təsdiqləyən mühüm göstəricidir. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə eyni platformada yer alan İlham Əliyev təkcə Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını və Cənubi Qafqazın sülh gündəmini təmsil etdi. Bu, həm də Bakının regiondakı sabitlik və enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.
Qəbələdə keçirilən Türk Dövlətləri Zirvəsi Azərbaycanın türk birliyinin siyasi, iqtisadi və mədəni inteqrasiyasına verdiyi töhfənin növbəti nümunəsi oldu. Düşənbədə isə MDB məkanında yeni əməkdaşlıq mexanizmlərinin müzakirəsi Azərbaycanın bu regiondakı nüfuzunu daha da gücləndirdi.
Cəmi on gün ərzində dörd fərqli istiqamətdə həyata keçirilən bu səfərlər Azərbaycanın xarici siyasət fəlsəfəsini bir daha ortaya qoydu: İlham Əliyev hadisələri izləyən deyil, onların istiqamətini müəyyən edən liderdir. Azərbaycanın diplomatiyası bu gün həm Qərbin, həm Şərqin, həm də regionun etimad etdiyi azsaylı nüfuzlu mərkəzlərdən birinə çevrilib.
Züriyə Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.