Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammiti bölgədə müharibənin başa çatması ümidlərini artırıb. ABŞ Prezidenti Donald Trampın münaqişəni həll edilməsi ilə bağlı təklif etdiyi 20 bəndlik Qəzza planının ikinci mərhələsinin icrası baxımından bu sammit önəmlidir. Planın girovların azad edilməsini ehtiva edən və hər iki tərəf – HƏMAS və İsrail üçün məqbul olan birinci mərhələsi həyata keçirilir.
Sülh üçün HƏMAS-ın tərkisilah edilməsi və Qəzzanın idarəçiliyində yer almaması, bölgədə beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə komitəsinin qurulması, gələcəkdə isə Fələstin administrasiyasına ötürülməsini əks etdirən ikinci mərhələnin həyata keçirilməsi o qədər də asan görünmür, xüsusilə tərəflərin kəskin mövqeyi fonunda. Misirdə keçirilən Qəzza sammitinin əsas hədəfi də bu çətinlikləri aradan qaldırmaqdır: beynəlxalq ictimaiyyəti Qəzza planı ətrafında birləşdirmək və həm geosiyasi, həm də Yaxın Şərqdə həlledici rola malik olan ölkələrin dəstəyi ilə münaqişəyə son qoymaq;
Sammitə dəvət edilən ölkələrin sayı məhdud olsa da, dəvətlilərin geosiyasi və regional proseslərdə aktiv rolu diqqət çəkir. Bu kontekstdə Prezident İlham Əliyevin Misir və ABŞ prezidentləri tərəfindən Qəzza sammitinə xüsusilə dəvət edilməsi Azərbaycanın qlobal vizyonundan qaynaqlanır. Donald Tramp üçün İlham Əliyevin Qəzza sammitində iştirakı xüsusilə iki məqam fonunda əhəmiyyətlidir.
Birinci amil Azərbaycanın qlobal nüfuzudur;
Azərbaycan coğrafi baxımdan kiçik ölkə olsa da, qlobal proseslərin inkişafına yön verən xarici siyasət konsepsiyasına sahibdir. Xüsusilə 2020-ci ildən sonra xarici siyasət qlobal arenada aktiv iştirak istiqamətində quruldu. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti və beynəlxalq münasibətlər sistemindəki yeri xarici siyasət presedentinə çevrilib:
- Qlobal problemlərlə mübarizədə BMT-nin proqramlarını formalaşdırıb: pandemiya dövründə Bakının həyata keçirdiyi siyasət fövqəladə dərəcədə əhəmiyyətli idi;
- Bakı sivilizasiyalar arası dialoq məkanına çevrilib;
- Qlobal güclər də daxil olmaqla müxtəlif münaqişə tərəfləri məhz Bakıda təmaslar qurur;
- 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında əsas lokomitivlərdən biridir;
- Təkcə Cənubi Qafqazda yox, Avropa və Asiyanın qovşağında, bütövlükdə Avrasiyada lojistik xətlər üzərindən qurulan siyasətin aparıcı oyunçularındır;
- Azərbaycan ABŞ və Çin də daxil olmaqla qlobal güc mərkəzlərinin əməkdaşlıqda maraqlı olduğu nadir ölkədir;
Azərbaycan kimi qlobal proseslərdə aktiv iştirakçı olan bir ölkənin Qəzza sammitində iştirakı ABŞ üçün beynəlxalq dəstəyin təmin edilməsi baxımından vacibdir.
İkinci amil Azərbaycanın Yaxın Şərq siyasəti və bölgədə davamlı sülhün əldə edilməsində oynadığı roldur;
Münasibətlər sisteminin mürəkkəb olduğu Yaxın Şərqdə bütün tərəflərlə əməkdaşlıq imkanına sahib olan yeganə ölkə Azərbaycandır. Rəsmi Bakı Yaxın Şərqdə sülh arxitekturasının qurulmasında aktiv rol oynayır:
- Müharibə meydanında toqquşan Suriya və İsrail məhz Bakıda masa arxasında əyləşirlər;
- Suriya və Qəzza münaqişəsinə görə üz-üzə gələn Türkiyə və İsrail yenə Bakıda müzakirələr aparır;
- Rəsmi Bakı Qəzzada toqquşan ərəb dünyası və İsraillə eyni səviyyədə münasibətlərə malik olan yeganı tərəfdir;
Bu münasibətlər sistemində Azərbaycan Qəzza da daxil olmaqla bütövlükdə Yaxın Şərqdə sülhün bərqərar olmasına mühüm töhfə verə bilər. Azərbaycanın Qəzza sammitinə dəvət edilməsi də Tramp Administrasiyası üçün sülh planının sona qədər icra edilməsində həm beynəlxalq dəstəyin təmin edilməsi, həm də Yaxın Şərqin mürəkkəb münasibətlər sistemində dialoqun qurulması perspektivlərini gücləndirmək baxımından lazımdır. Yaxın Şərqdə dialoq və sülhə həlledici töhfəni məhz Prezident İlham Əliyev verə bilər, çünki Azərbaycan liderinin qlobal nüfuzu və dialoqun qurulmasındakı siyasi təcrübəsi buna imkan verir.
Təkcə bu ay beynəlxalq siyasətdə baş verənlər Azərbaycanın qlobal siyasətdə həlledici rolu və nüfuzunun çəkisini təsdiq edir. Oktyabr ayında dünyada 4 mühüm sammit keçirilib:
- 1-2 oktyabr – Kopenhagen: Avropa Siyasi Birliyinin sammiti;
- 6-7 oktyabr – Qəbələ: Türk Dövlətləri Təşkilatının sammiti;
- 9-10 oktyabr – Düşənbə: MDB sammiti;
- 12 oktyabr – Şarm əl-Şeyx: Qəzza sammiti;
Dörd fərqli coğrfiyada keçirilən, dörd fərqli gündəmə malik olan bu sammitləri birləşdirən yeganə amil hər birində Azərbaycanın iştirak etməsidir. Prezident İlham Əliyev Kopenhagendə Avropanın, Qəbələdə türk dünyasının, Düşənbədə MDB-nin, Şarm əl-Şeyxdə Qəzzanın – Yaxın Şərqin gələcəyini müəyyən edən müzakirələrin mərkəzində yer alır. Coğrafi və gündəm fərqinə nəzər yetirdikdə, Prezident İlham Əiyevin hər bir sammitin əsas dəvətlisi olması Azərbaycanın qlobal siyasətin mərkəzi oyunçusu rolunda çıxış etməsi deməkdir: proseslərin birləşdiricisi, yönverici və həlledici gücü; Azərbaycan artıq qlobal siyasətin mərkəzi gücüdür.
Asif Nərimanlı