EN

Azər Kərimli: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə Böyük Qayıdış Proqramının icrası uğurla həyata keçirilir”



“Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan olunub. Bununla rayonun işğaldan azad olunması tarixinin əbədiləşdirilməsi istiqamətində ən mühüm addımlardan biri atılıb. Füzuli rayonu tarixən Azərbaycanın ən qədim və zəngin bölgələrindən biri kimi tanınıb. Bu torpaq həm maddi, həm də mənəvi irs baxımından xüsusi dəyərə malikdir. Babı kəndindəki səkkizguşəli türbə kimi nadir abidələr Füzulinin qədim sivilizasiyaların beşiyi olduğunu sübut edir. Təəssüf ki, 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi işğal edildi. İşğal illərində abidələr dağıdıldı, torpaqlar viran qoyuldu. Lakin Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə həyata keçirilən əks-hücum nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad edilmişdi. Bu, həm ordumuzun gücünü, həm də xalqın azadlıq iradəsini nümayiş etdirən tarixi mərhələ idi.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra Füzuli uğrunda gedən döyüşlərin əhəmiyyətini belə vurğulayıb: “Vətən müharibəsi zamanı Füzuli uğrunda aparılan döyüşlər müasir Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Rayonun strateji mövqeyi burada hərbi əməliyyatları xüsusilə çətinləşdirmişdi. Təmas xəttindəki bir neçə müdafiə səddinin yarılması Azərbaycan Ordusuna mühüm üstünlüklər qazandırdı və düşmənin son müqavimətini qırdı. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin azad edilməsi ilə tarixi ədalət bərpa olundu. Bu qəhrəmanlıq nümunəsinin abədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci ilin noyabr ayında “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Hərbi mütəxəssislər Füzuli uğrunda gedən döyüşləri Azərbaycan Ordusunun yüksək peşəkarlığının və müasir texniki təminatının parlaq göstəricisi kimi dəyərləndirirlər. Bu gün isə Füzuli dirçəlişin və Böyük Qayıdışın simvoluna çevrilib. Füzuli işğaldan azad edilmiş ərazilər arasında minalanma baxımından ən çox zərər çəkmiş rayon olsa da, burada həyat artıq yenidən canlanır, Böyük Qayıdış Proqramının icrası uğurla və yüksək dinamika ilə həyata keçirilir. Diqqətəlayiq haldir ki, bu gün Füzuli həm də Türk dünyası birliyinin rəmzlərinin daşıyıcılarından biri kimi çıxış edir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması dostluq və beynəlxalq həmrəyliyin gözəl nümunəsidir. Beləliklə, 17 oktyabr yalnız bir şəhərin azadlıq günü deyil, həm də xalqın əzmini, dövlətin gücünü və gələcəyə inamını təcəssüm etdirən milli qürur günüdür” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Chosen
10
aia.az

1Sources