EN

Bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlər

Prezident İlham Əliyev oktyabrın 9-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədə səfərdə oldu. Səfər Azərbaycan-Tacikistan münasibətlərinə, eyni zamanda, MDB ölkələri arasında əlaqələrə işıq saldı.

Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edən cənab İlham Əliyev bildirdi ki, Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Düşənbədə keçirilən iclas səmimi və konstruktiv mühitdə keçib. Müstəqil Dövlətlər Birliyinin əsas məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafıdır. Dövlət başçısının bu çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan MDB çərçivəsində əməkdaşlığı yalnız siyasi müstəvidə deyil, həm də mədəni, sosial və humanitar sferalarda strateji prioritet kimi dəyərləndirir. Prezident İlham Əliyev çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl və dinamik inkişaf etdiyini qeyd edib. Dövlətimizin başçısı bildirib ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Hər iki ölkənin rəhbərliyi arasında formalaşmış etimad mühiti regional sabitliyin, iqtisadi tərəfdaşlığın və dayanıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu kontekstdə Azərbaycan-Tacikistan münasibətləri MDB çərçivəsində çoxvektorlu əməkdaşlığın uğurlu nümunəsi kimi xüsusilə əhəmiyyətlidir.

Prezident İlham Əliyev ertəsi gün məhdud tərkibdə keçirilən iclasda çıxış edərək Azərbaycanın təşəbbüslərinin təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə, humanitar əlaqələrin genişlənməsinə, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidinə verdiyi töhfələrə toxunub, Azərbaycan-Tacikistan münasibətlərindən, Laçın şəhərinin cari il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsindən, Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsindən bəhs edib. Bildirdi ki, Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Tədbirdən əvvəl  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izlədilər. Belə tədbirlər birliyin nüfuzunu beynəlxalq səviyyədə möhkəmləndirir və onun inteqrasiya potensialını artırır. 

Tacikistan və Azərbaycan ticari-iqtisadi və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün mövcud potensialdan istifadə etmək əzmindədir. Xalqlarımızın mədəniyyəti, ənənələri, həyat tərzi bir-birinə yaxındır və  mədəni sahədə mübadilə xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.  Bu gün azad edilmiş ərazilərimiz diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Aparılan genişmiqyaslı bərpa işləri Azərbaycanın malik olduğu imkanları, şəhərsalma təcrübəsini dünyaya təqdim edir. 

Beləliklə, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı təkcə təşkilatın fəaliyyət istiqamətlərinə dair strateji baxışları deyil, həm də Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi real töhfələri təcəssüm etdirir. Dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər MDB çərçivəsində əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirir, regionda sabitlik, etimad və davamlı tərəqqi üçün möhkəm siyasi və humanitar baza formalaşdırır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Chosen
19
ikisahil.az

1Sources