EN

Zülfüqarov: Prezidentlərin görüşü münasibətlərin gedişatına müsbət yön verir

Zülfüqarov:

“Heç bir məsələ və problem bir görüşlə və ya qısa müddətə həllini tapmır. Yəni bunlar sadə məsələlər deyil. Ancaq Azərbaycan və Rusiya prezidentlərinin görüşü, müzakirələr aparması və hansısa razılığa gəlmələri ümumilikdə müsbət tendensiyadır və münasibətlərin bundan sonrakı gedişatına müsbət yön verir. Bu baxımdan Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə görüşünü uğurlu hesab edirəm”.

Bunu “Reytinq” qəzetinə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, əsas nəticə odur ki, bu müddət ərzində Azərbaycan və Rusiyaya qarşıdurma lazım deyildi, bu, hər iki dövlətin maraqlarına uyğun gəlmirdi.

T. Zülfüqarov qeyd edib ki, müxtəlif mövqelər, fikirlər, fərqli ideya və yanaşmalar ola bilər və bütün bunlar normaldır: “Lakin bəzi fərqli məqam və fikirləri münaqişə səviyyəsinə çıxarmağı doğru və dövlət maraqlarına uyğun saymıram. Bəli, Rusiyada bəzi dairələr, qruplar və ya fərdlər Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində maraqlı idi, lakin proseslər göstərdi ki, bu, dövlət maraqlarına əksdir”.

Sabiq nazirin fikrincə, indi təbliğat məqsədilə “hansı tərəfin udduğu, hansı tərəfin uduzduğu” barədə fikirlərin əhəmiyyəti də yoxdur: “Çünki real siyasətdə liderlər dövlətlərinin maraqlarını əks etdirən razılaşmalara gəlirlər. Buna da irəliləyiş demək olar. Burada udan və ya uduzan tərəf olmur”.

T. Zülfüqarov sonda əlavə edib ki, Azərbaycan-Rusiya münasibətlərdə tezliklə əvvəlki dövrə qayıtmaq mümkün olmayacaq və buna zaman lazımdır.

Nemət ORUCOV
Reyting.az

Chosen
15
1
reyting.az

2Sources