EN

Ürək tutmasının - infarktın qarşısını almaq üçün nə etmək olar?

Sağlam bir ürək bədənimizin fəaliyyətini davam etdirməsi üçün həyati əhəmiyyət daşıyır.

Ürək qanı pompalayaraq bədənə oksigen və əsas qida maddələrini daşıyır. Buna görə də ürəyin sağlamlığı orqanizmin düzgün işləməsi üçün həyati vacibdir.

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri (kardiovaskulyar xəstəliklər) hər il təxminən 18 milyon insanın ölümünə səbəb olur.

Bu ölümlərin beşdə dördü ürək tutması (infarkt) və insult nəticəsində baş verir.

Kardioloqlar (ürək həkimləri) deyirlər ki, sağlam bir ürəyə sahib olmaq hər gün üzərində işlənməsi vacib olan bir hədəfdir.

Dincəlmə zamanı sağlam bir ürək döyüntüsü böyüklər üçün dəqiqədə 60 ilə 100 arasında olmalıdır.

ABŞ-lı kardioloq Dr. Evan Levine belə deyir:

"Yaxşı qidalanma, müntəzəm idman və siqaretdən uzaq durmaq, ürəkdə yarana biləcək zədələrin ən başlanğıcda qarşısını almağa imkan verir."

Bəs, sağlam bir ürək həqiqətən ürək tutması riskini azaldırmı?

Ürək tutması nədir?

Ürək tutması, ürəyə gedən qan axınının qəfil kəsilməsi ilə baş verir.

Ürəyə oksigen daşıyan qan axını kəsildikdə, ürək əzələsi zədələnə və ya ölməyə başlaya bilər. Müdaxilə gecikərsə, bu zədə qalıcı ola bilər. Əgər ürəyin böyük bir hissəsi zədələnərsə, ürək dayanır və bu da ölümə səbəb ola bilər.

Ürək tutmasına bağlı ölümlərin təxminən yarısı, simptomların başlamasından sonrakı ilk üç-dörd saat ərzində baş verir. Buna görə də əlamətlər başladıqda vaxt itirmədən tibbi yardım almaq həyati əhəmiyyət daşıyır.

Damar divarlarında "plak" adlanan yağlı maddələrin yığılması ilə yaranan koronar arteriya xəstəliyi, ürək tutmalarının ən geniş yayılmış səbəbi hesab olunur. Bu yığılma damarların daralmasına və qan axınının çətinləşməsinə gətirib çıxarır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, hər il təxminən 805 min amerikalı ürək tutması keçirir. Bunların 605 mini ilk dəfə, 200 mini isə daha əvvəl infarkt keçirmiş şəxslərdir. Yəni ölkədə hər 40 saniyədən bir nəfər ürək tutması keçirir.

Ürək tutması keçirdiyinizi necə anlaya bilərsiniz?

Ürək tutması bir çox fərqli əlamətlərlə özünü göstərə bilər.

Ən geniş yayılmış simptom döş qəfəsi ağrısıdır. Bu, adətən iti ağrıdan çox, döşdə güclü təzyiq və sıxılma hissi kimi olur.

Bəzi qadınlar isə döş ağrısıyla yanaşı, boyunda və hər iki qolda da ağrı hiss edə bilirlər.

Kaliforniyadan kardioloq Dr. Ailin Barseqyan deyir ki, ürək tutması bəzən həzm pozğunluğu ilə qarışdırıla bilər. Amma həzm probleminin əksinə olaraq, ürək tutması adətən bədənin digər hissələrində – məsələn, sol qolda, çənədə, beldə və mədədə ağrıya səbəb olur.

Başgicəllənmə və halsızlıq, həddindən artıq tərləmə, nəfəs darlığı və xırıltılı nəfəs alma da ürək tutmasının digər əlamətləri arasındadır.

Bəzən ürək tutması qəfil başlasa da, bəzi hallarda saatlar və ya günlər əvvəl xəbərdarlıq siqnalları verir. Dincliklə keçməyən döş ağrıları bu siqnallardan biridir.

Dr. Barseqyan deyir ki, "üç saatdan sonra ürək əzələləri ölməyə başlayır. Buna görə də insan özündə tutmadan şübhələnirsə, təcili yardım gələnə qədər bir aspirin çeynəməsini tövsiyə edirəm."

Kardioloqlar vurğulayır ki, ürək tutmasından şübhələnildikdə dərhal təcili yardıma - 103-ə zəng etmək lazımdır.

Dr. Evan Levine xəbərdarlıq edir ki, "yaş, çəki, siqaret və alkoqol istifadəsi, ailə tarixçəsi kimi risk faktorlarınızı bilin. Bu risklərə sahibsinizsə və döşünüzdə təzyiq hiss edirsinizsə, dərhal təcili yardım çağırın."

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, kardiovaskulyar xəstəliklər çox vaxt "kişi xəstəliyi" kimi qəbul olunur.

Bu yanaşma, ürək-damar xəstəlikləri ilə bağlı araşdırmalarda qadınların kifayət qədər təmsil olunmamasına səbəb olub. Yəni bir çox müalicə üsulları əvvəlcə kişilər üzərində sınanıb, daha sonra qadınlara tətbiq edilib.

Böyük Britaniyada təxminən 300.000 nəfəri əhatə edən və British Medical Journal Heart jurnalında dərc edilən bir araşdırma göstərib ki, qadınlara, qaradərili etnik qruplara və sosial baxımdan ən dezavantajlı bölgələrdən gələn insanlara ürək əməliyyatı daha az tövsiyə olunur. Onların əməliyyatdan sonrakı bir il ərzində ölüm və yenidən xəstəxanaya düşmə ehtimalı daha yüksəkdir.

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə, yüksək qan təzyiqi, siqaret və şəkərli diabet kimi müəyyən risk faktorları qadınlarda ürək xəstəliyi riskini kişilərə nisbətən daha çox artıra bilər.

Ürək tutmasının qarşısı necə alınır?

Ürək tutmasının (infarktın) qarşısını almağın ən təsirli yolu sağlam həyat tərzidir.

Ürək tutması riskini azaltmağın ən vacib yolları arasında sağlam qidalanma, müntəzəm idman etmək, qan təzyiqi və xolesterin səviyyəsini nəzarətdə saxlamaq yer alır.

Xolesterin orqanizmin sağlam hüceyrə istehsalı üçün vacib olsa da, onun yüksək səviyyələri bəzi növlərdə ürək-damar xəstəlikləri riskini artıra bilər.

Kardioloqlara görə, ürəyi qorumaq üçün hər gün tətbiq edilə biləcək sağlam həyat vərdişləri çox təsirlidir.

Aşağı yağlı və liflə zəngin bir qidalanma proqramını mənimsəmək önəmlidir.

Gündəlik duz istifadəsi 6 qramdan az olmalıdır. Çox duz qan təzyiqini yüksəldir.

Bundan əlavə, xolesterini artırdığı üçün həddən artıq emal olunmuş və doymuş yağ tərkibli qidalardan uzaq durmaq lazımdır. Bu qidalar arasında hazır məhsullar, tortlar, biskvitlər, sosiskalar, kərə yağı və palma yağı olan məhsullar vardır.

Əvəzində isə doymamış yağ tərkibli qidaları seçmək tövsiyə olunur.

Yağlı balıq, avokado, zeytun yağı, qoz-fındıq və bitki yağları damarları açır, yaxşı xolesterini (HDL) artırır.

Dr. Barseqyan deyir ki, "Aralıq dənizi tipli qidalanma, ürək tutması riskini azaltmaq üçün elmi baxımdan ən təsirli üsuldur."

Qidalanmaya əlavə olaraq, müntəzəm fiziki aktivlik də ürək sağlamlığı üçün çox vacibdir. Sağlam çəkiyə sahib olmaq yüksək qan təzyiqi kimi risk faktorlarını azaldır.

Dr. Evan Levine həftədə beş gün, gündə ən azı 30 dəqiqə idman edilməsini tövsiyə edir.

Amma onun ən güclü məsləhəti çox aydındır:

"Heç vaxt siqaret və ya elektron siqaret istifadə etməyin."

Kardioloqlar, gənclərin həyat tərzinin ürək tutmalarının (infarktların) artmasına təsir etməsindən narahatdırlar.

Amerika Ürək Dərnəyinin 24.927 nəfəri əhatə edən araşdırmasına görə, həm siqaret, həm də elektron siqaret istifadə edən şəxslərdə ürək-damar xəstəliyi riski yalnız siqaret çəkənlərlə eynidir.

Yalnız elektron siqaret istifadə edənlərdə bu risk 30–60% daha azdır, lakin tamamilə aradan qalxmır.

Əvvəllər ürək tutması keçirmiş şəxslərdə, beş il ərzində ikinci bir infarkt keçirmə ehtimalı 20%-dir.

London İmperial Kolleci və İsveç Lund Universitetindən tədqiqatçılara görə, bu riski azaltmaq üçün statin və ezetimib kimi xolesterin salıcı dərmanlardan istifadə etmək mümkündür.

Dr. Barseqyan bildirir ki, "pis xolesterin (LDL) nə qədər aşağıdırsa, ürək tutması riski də bir o qədər az olur. Bu artıq çox aydın bildiyimiz bir həqiqətdir."

Gənclərdə ürək tutması artır

Ürək tutması riski adətən yaş artdıqca yüksəlsə də, son illərdə gənc yetkinlər arasında da nəzərəçarpacaq artım müşahidə olunur.

ABŞ Milli Sağlıq Statistikaları Mərkəzinə görə, 2019-cu ildə 18–44 yaş arası şəxslərin 0,3%-i infarkt keçirmişdisə, 2023-cü ildə bu göstərici 0,5%-ə yüksəlib.

Gənclər arasında ürək problemləri niyə artır? Dr. Evan Levine bu artımı belə izah edir:

"Emal olunmuş qida istifadəsinin artması və hərəkətsiz həyat tərzi gənclərin ürəyini təhdid edir. COVID-dən sonra evdən iş sistemi insanları demək olar ki, tamamilə hərəkətsiz hala gətirdi."

Siqaret və tütün məhsullarının damar tıxanıqlığına səbəb olduğu çoxdan məlumdur.

Amma Dr. Levine, elektron siqaretlərin gənclər üzərində uzunmüddətli təsirlərinin hələ tam bilinmədiyini, buna görə də narahatlıq doğurduğunu vurğulayır.

Dr. Ailin Barseqyan isə genetik amillərə diqqət çəkir:

"Ailədən gələn yüksək xolesterin kimi genetik risklər, gənc yaşda ürək tutması ehtimalını artırır.

Bundan əlavə, stress və yuxu problemləri də artıq ürək sağlamlığına təsir edən mühüm ekoloji amillərdən sayılır."

Chosen
36
50
bbc.com

10Sources