Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Günün belə bir həqiqəti var: Xalqımızın gələcəyini düşünən elə bir azərbaycanlı tapmaq olmaz ki, o, qonşu ölkələrlə münasibətlərimizin korlanmasını istəsin. Qəsdən ara vurmağa çalışanlar, bizi daim münaqişələr məngənəsində saxlayıb zəiflətmək istəyənlər, bölgəyə sahiblənmək niyyəti güdənlər aramızda yaşasalar da, bizdən olmayanlar istisnadır. Tarixi və əbədi coğrafiyamızda rahat yaşamağın bir şərti də çevrəndəki ölkələrlə barış mühiti yaratmaq və o mühiti qoruyub saxlamaqdır.
...Mənim doğulduğum balaca dağ kəndi keçmiş SSRİ ilə İran sərhədinin yaxınlığında idi. Atam və iki əmim faşizmə qarşı vuruşmuşdu. 20 yaşı olan, hələ ailə qurmamış atam savaşa 1939-cu ildə Fin müharibəsində başlamış, sonra İkinci Dünya müharibəsində Belarus cəbhəsində ağır yaralanmış, Kiyev və Saratov hospitallarında müalicə olunub evə buraxılmışdı. O biri qardaşlardan biri bütün blokada dövrünü Leninqradın müdafiəsində keçirmişdi. Digərinin savaş yolu Yaponiya sahillərində bitmişdi.
Biz, müharibədən sonra doğulmuş uşaqlar, böyüklərimizin Rusiya, Ukrayna, Belarus torpaqlarında keçən savaş illəri haqqında söhbətlərini milli qəhrəmanlıq dastanlarımız qədər maraq və qürurla dinləyirdik. Atamın evimizin divarından asılı qalan dəri gödəkcəsindən uzun illər Rusiya, Belarus çöllərinin barıt iyinə qarışıq qoxusu çəkilməmişdi.
Zastavalara gedən sovet sərhədçilərinin yolu tez-tez bizim kənddən düşürdü. Atam yol yorğunu olan əsgərləri görəndə hökmən bizim balaca evimizə döndərir, ya açıq eyvanda, ya da evin böyründəki çəmənlikdə onları yedizdirib-içizdirib yola salırdı. Qonaqlarımızın hansı millətdən olması kimsəni düşündürmürdü. Atam üçün isə onlar keçmiş döyüş yoldaşlarının övladları, sərhəddə keşik çəkən əsgər idilər! Onda hələ biz onların qoruduğu sərhədin Azərbaycanı iki yerə böldüyünü bilmirdik.
Keçmiş Sovetlər Birliyindən qopmuş respublikaların heç birində ruslar özlərini Azərbaycandakı qədər ərköyün hiss etməyiblər və son ilin nisbi soyuqluğuna baxmayaraq, bu durum indi də davam edir. Bu ona görə deyil ki, ruslar Azərbaycana xoşbəxtlik gətirib və ya bizə həmişə qardaş gözü ilə baxıblar. Yox! Rusiyanın Cənubi Qafqaza gəlişi nəticəsində, əslində, Azərbaycan türklərinə məxsus Qacar səltənəti ikiyə bölündü, kiçik də olsalar, hərəsi müstəqil bir dövlət olan xanlıqların varlığına xitam verildi. Azərbaycanın böyük hissəsi indi də İran deyilən dövlətin daxilindədir.
Bunun ardınca Azərbaycanın İrəvan və Qarabağ xanlıqlarının ərazisinə ermənilərin köçürülmə prosesi, yəni tarixi Azərbaycan vilayətlərinin erməniləşdirilməsi dönəmi başlandı, sonralar isə İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradıldı. Bu hadisələr Azərbaycan tarixində, ədəbiyyatında geniş işıqlandırılıb. Çar Rusiyasının öz ərazilərini genişləndirmək üçün Qafqazda apardığı ikili siyasətdən, müsəlman əhaliyə soyuq və bəzən amansız münasibətindən bəhs edən çox araşdırmalar var.
Lakin bunların heç birində birbaşa rus xalqı hədəf seçilməyib, düşmən elan edilməyib, ruslara qarşı nifrət, qisasçılıq toxumu səpilməyib. Əksinə, XII yüzildə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvidən başlayaraq ədəbiyyatımız Azərbaycan xalqının xarakterindəki humanizmə, tolerantlığa, insan sevgisinə sadiq qalaraq, bədii əsərlərdə rusların da obrazları yaradılıb, insan münasibətləri həmişə dəyişkən siyasətlərdən yüksək tutulub…
Sadə insanlar üçün İranda qalmış Güney Azərbaycanla ovaxtkı Sovet Azərbaycanını müqayisə etmək imkanı var idi və Arazın bu tayı nə qədər irəlidə, üstün görünürdüsə, bunun hamısını Rusiyanın adı və təsirinə bağlayır, “Rusiya üzümüzə Avropanı açdı” – deyirdilər. Quzey Azərbaycanda Şərqin ilk demokratik respublikası qurulub, teatrdan, baletdən, simfoniyadan tutmuş bir sıra çağdaş mədəniyyət növləri Rusiya üzərindən gəlmiş və Azərbaycanda bu sənət növlərinin dahi yaradıcıları yetişib.
Xalq çar Rusiyasının iki əsr boyu tökdüyü qanları da, 1920-ci il bolşevik işğalı zamanı milli hökumətin yüz minlərlə tərəfdarına tutulmuş divanı da, 1937-ci il repressiyasını, deportasiyaları, kütləvi sürgünləri də, nəhayət, 1990-cı ilin Qanlı Yanvarını – yəni Sovet ordusunun Azərbaycana amansız hücumunu da xatırlayır...
Lakin azərbaycanlıların təbiətində keçmişə baxıb göz yaşı tökmək, tarixin faktlarını əbədi bir düşmənçilik mövzusuna çevirmək xasiyyəti yoxdur. Bu, yaxşıdır, pisdir - deyə bilmərəm. Lakin biz qaranlıq səhifələri tez unudub ürəyimizi işığa, yaxşılığa, xeyirxahlığa, qəhrəmanlığa yönləndirməyə vərdiş eləmişik. Bunun əzabını çəkdiyimiz vaxtlar da olub, bununla belə, xasiyyətimiz dəyişilməyib və milli mentalitetin əlamətlərindən birinə çevrilib. Əksinə, Rusiyanın Azərbaycana qarşı hər bir xoş niyyəti həmişə minnətdarlıqla qarşılanıb.
Son iki əsrdə həyatımızdakı müsbət dəyişiklikləri Rusiyanın təsiri ilə əlaqələndirmək təkcə sovet ideologiyasının təbliğatı deyildi, bu, həm də xalqın səmimi qonşuluq, dostluq istəklərinin, Rusiya–Azərbaycan münasibətlərini möhkəmləndirmək arzusunun ifadəsi idi. XIX yüzildən başlayaraq Azərbaycanın iqtisadi, mədəni, mənəvi həyatında yeni bir dövr başlanıb. Demokratik fikrin, realist ədəbiyyatın, xalqçılıq və maarifçiliyin, bir sıra çağdaş sənət növlərinin və ictimai mübarizə təfəkkürünün inkişafındakı bu yeni mərhələdə Rusiyanın, Rusiya üzərindən gələn Avropa yeniləşməsinin rolu inkaredilməzdir.
Neft sənayesinin sürətli inkişafı Bakını bütün dünyanın diqqət mərkəzinə çevirmişdi. İmperiyanın müxtəlif guşələrindən insanların Azərbaycana axını başlanmışdı. Bu mühitdə yetişən, Rusiya və Avropada təhsil almış yeni ziyalılar dəstəsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) yaranmasına nail olmuşdular. Bütün bu dövrlərdə tərəqqipərvər rus ziyalıları həmişə Azərbaycana dəstək vermişdilər.
Ancaq Azərbaycan da borclu qalmamışdı. Mən yalnız bir neçə epizodu xatırlatmaq istəyirəm. Çar Rusiyasında Mirzə Kazım bəy şərqşünaslığın, general Əliağa Şıxlinski rus artilleriyasının atası sayılırdı. “Şərqin Lenini” adlandırılan Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri idi. İ.Stalinin repressiv siyasətini gördüyünə və buna etiraz etdiyinə görə zəhərlənib öldürülmüşdü. Məzarı bu gün də Kreml divarları yanında uyuyur.
Səksəninci illərdə hakim Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini mövqeyinə yüksəlmiş Heydər Əliyev XX yüzildə sovet tarixinin ən parlaq simalarından biri olmuşdu. Onun xidmətləri və sıravi ruslar arasındakı hörməti unudulmayıb. Keçmiş SSRİ-də “İkinci Bakı”, “Üçüncü Bakı” neft yataqlarının açılmasında, neft-qaz sənayesinin qurulması və inkişafında Azərbaycan alimləri və mühəndislərinin xidməti necə unudula bilər?
Bütün tarixçilərin və hərbçilərin etiraf etdiyi kimi, SSRİ-nin faşizm üzərində qələbəsində Bakı nefti müstəsna rol oynayıb. Hitler 1941-ci ildə Bakının işğalını əsas hədəf seçmişdi və qüvvələrinin böyük hissəsini Qafqaza yönəltmişdi. SSRİ-nin neft mənbələrindən biri olan Qroznı düşmən əlinə keçəndən sonra bütün ağırlıq Bakının və Azərbaycan neftçilərinin üzərinə düşmüşdü. SSRİ-nin neft ehtiyacının 70 faizini, təyyarə, tank yanacağının 90 faizini Bakı verirdi.
Azərbaycanın müharibədə qazanılan qələbədəki rolu barədə həm Almaniya tərəfinin, həm də Sovet ordusu sərkərdələrinin fikirləri də unudulmayıb. Almaniya reyxi açıq-aşkar deyirdi: “Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”. Sovet İttifaqı marşalları da Azərbaycan neftçilərinin qələbədəki həlledici xidmətlərini dəfələrlə qeyd etmişdilər. Marşal K.Rokossovski demişdi: “Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır”. Vaxtilə SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakovun fikrincə: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə, heç bir respublika etməmişdir”. Azərbaycanın iqtisadiyyatı, bütövlüklə, hərbi ehtiyacların ödənilməsinə xidmət edirdi. Müharibədən sonrakı illərdə də tez-tez “SSRİ bu müharibəni Mikulinin matorları, Yakovlevin təyyarələri və azərbaycanlı akademik Yusif Məmmədəliyevin benzini hesabına uddu” – deyirdilər.
SSRİ-nin müharibədəki qələbəsi ilə qürur duyan heç kəs Azərbaycanın bu fədakarlığını unutmamalıdır. Bu bir vicdan işidir. Müharibə illərində Azərbaycan xəstəxanalarında yarım milyona yaxın yaralı müalicə olunmuşdu. Azərbaycanlılardan ibarət 5 diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmişdi. Azərbaycan övladları təkcə SSRİ ərazisində yox, Avropanın müxtəlif bölgələrində də partizan hərəkatına qoşulub böyük qəhrəmanlıqlar göstərmişdilər.
1941-ci ildə Azərbaycanın əhalisi 3,4 milyon nəfər idi. Əhalinin sayına görə İkinci Dünya müharibəsində ən çox itki verən respublika Azərbaycandır. Əhalinin hər 4 nəfərindən biri cəbhədə vuruşmuş, 8 nəfərindən biri həlak olmuşdu. Azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının, general və komandirlərin igidliyi bütün SSRİ-də dillərdə gəzirdi.
Müharibədən sonrakı quruculuq illərində də Azərbaycanın alimləri, mühəndisləri SSRİ-nin, demək olar ki, bütün ərazisində sənayenin və iqtisadiyyatın dirçəlməsi və yüksəlişində öz xalqlarının başını ucaldan bir səviyyədə çalışıblar. Mülki sənayedən başlamış, atom gəmiqayırmasına, kosmik tədqiqatlara, təbabətə qədər bir sıra sahələrdə yüzlərlə azərbaycanlı şərəflə çalışıb, ad-san qazanıblar.
Bütün maneələrə və ümidsiz proqnozlara baxmayaraq, Urenqoyda və Sibirdə qazın olduğuna inanan və onu kəşf edən SSRİ qaz sənayesi naziri, azərbaycanlı Sabit Orucov olmuşdu. Bu gün dünyanın bir sıra ölkələrinin möhtac olduğu Rusiya neftinin ən çox çıxarıldığı Qərbi Sibir, Tümen neft yataqlarını kəşf edən də azərbaycanlı geoloq Fərman Salmanov idi. Mərkəzdən “Qərbi Sibir və Tümendə neft ola bilməz!” – deyərək onu bu yoldan çəkindirməyə çalışsalar da, Salmanov ağır cəza gözləyə-gözləyə, bir az da Şimala çəkilmiş və xoşbəxtlikdən, icazəsiz qazdığı buruqdan neft fantan vurmuşdu. “Cinayətkar” bir gündə qəhrəman olmuşdu. Fərman Salmanov Rusiyada yüzdən çox neft yatağı aşkarlayıb istifadəyə vermişdi. Məşhur bakılı alim Eyyub Tağıyevın başçılıq etdiyi institut neft quyularının maili üsulla qazılma texnologiyasını kəşf etmişdi. Dünyanın 50-dən çox ölkəsi bu texnologiyanı SSSİ-dən almışdı. Bu kəşflərinə görə soydaşımız 3 dəfə “Stalin” mükafatına layiq görülmüşdü. Sovet kosmik proqramının banilərindən biri, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri də azərbaycanlı general-leytenant Kərim Kərimov idi. Nüvə silahından dinc məqsədlərlə istifadə üzrə Sovet Dövlət Komissiyasına da uzun illər soydaşımız Abbas Çayxorski rəhbərlik etmişdi.
Mədəniyyət və ədəbiyyat sahəsində də Rusiya və Azərbaycan sənətçiləri, qələm sahibləri çiyin-çiyinə çalışıblar. Rus klassik ədəbiyyatının əsas nümunələri Azərbaycan türkcəsinə tərcümə edilib. Rus şairlərinin Bakı həyatı, Azərbaycanın və Rusiyanın böyük söz ustalarının dostluqları əfsanələrə çevrilib.
Azərbaycanın Xalq rəssamı Tahir Salahov Rusiya Rəssamlar İttifaqının vitse-prezidenti idi. Rüstəm İbrahimbəyov 4 dəfə Rusiya Federasiyasının dövlət mükafatına layiq görülmüş yeganə kinodramaturq və rejissor idi. Azərbaycan vokal məktəbinin yetirmələri Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu dünyada həm də SSRİ və Rusiya təmsilçiləri kimi seviliblər. Əsərləri dünyanı dolaşan bəstəkarlardan Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov həm də sovet musiqi məktəbinə şöhrət gətiriblər.
Onların bəzisi öz yaradıcılıq həyatını Moskva ilə bağlamışdır. Rüstəm İbrahimbəyovun “Səhranın bəyaz günəşi” filmi orbitdə kosmonavtlara nümayiş etdirilirdi. Bu, bir ənənə idi. Heykəltaraşlarımızın yaratdığı əsərlər Bakı ilə yanaşı, SSRİ-nin bir sıra başqa şəhərlərinin də meydanlarını bəzəyir.
Bu sətirləri yazarkən yadıma lap gənclik illərindən qatıldığım müxtəlif poeziya festivalları, SSRİ gənc yazıçılarının konfransları, müxtəlif respublikaların Azərbaycanda keçirilən ədəbiyyat günləri, SSRİ yazıçılarının qurultayları düşür. Bakıda biz Moskvadan gəlmiş həmkarlarımızı böyük hörmətlə qarşılayırdıq. Yeni kitabların qarşılıqlı şəkildə tərcüməsi və təbliği həyatımızın normasına çevrilmişdi.
34 ildir ki, Rusiya ilə Azərbaycan öz müstəqil yolları ilə irəliləyirlər. Lakin Moskvadan başlamış Vladivostoka, Çukotkaya qədər Rusiyanın müxtəlif bölgələrində artıq Rusiya vətəndaşlığı daşıyan yüz minlərlə azərbaycanlı yaşayır. Onlar artıq Azərbaycanın da daxil olduğu SSRİ-yə yox, konkret olaraq Rusiyaya xidmət edir, Rusiyanın inkişafına çalışırlar. Bu insanların uşaqları rus dilində təhsil alır, rus ordusunda xidmət göstərirlər. Həmin soydaşlarımızın arasından çıxan istedadlı ziyalılar Rusiya elminin və mədəniyyətinin əsgərləridir. Onları Rusiyanın digər vətəndaşlarından ayırmaq Azərbaycana düşmənçilikdən daha artıq Rusiyaya düşmənçilikdir. Arada pozuculuq, ayrı-seçkilik salmaq Rusiya cəmiyyətinin təməllərini sarsıtmaqdır. Şübhəsiz, öz dövlətinə məhəbbəti olan heç bir ağıllı adam bunu istəməz.
Mən hər zaman Azərbaycanın müstəqilliyinin tərəfdarı olmuşam, bununla belə, köhnə ədəbi, mədəni əlaqələrin qorunmasını da zəruri hesab etmişəm. Müstəqillik bizi bir-birimizdən nə qədər ayırsa da, keçdiyimiz yolları tariximizdən və yaddaşımızdan silə bilmərik. “SSRİ-nin qardaş xalqları” sözü unudulub, amma içimizdə bir yaxınlıq duyğusu həmişə yaşayır. Dünyanın başqa dövlətləri ilə müqayisədə SSRİ-dən qopmuş dövlətlərə həmişə öz tale ortağımız, dostumuz kimi baxırıq.
Azərbaycanda rus dilində təhsil verən xeyli məktəb var. Bakıda Moskvanın 2 böyük universitetinin filialı fəaliyyət göstərir. Rusdilli bağçalar da ləğv edilməyib. Rus dilində buraxılan mətbuat orqanlarının, televiziyanın heç biri qıcıq yaratmır. Bakıdan uzaqda, əyalətlərdə rus-molakan kəndləri də hələ yerindədir. Bu insanlar bizim vətəndaşlarımızdır. Onlar bizimlə eyni sevinci və kədəri bölüşürlər.
Bu gün Rusiya televiziyalarında azərbaycanlıların söyülməsi, təhqir edilməsi, cəmiyyətdə ciddi narahatlıq doğursa da, bu Azərbaycanda yaşayan heç bir rusa qarşı aqressiyaya çevrilmir. Siyasi hoqqabazlarla sadə insanları qarışdırmaq olmaz. Rusiyada da, Azərbaycanda da iki dövləti, iki xalqı, dövlət başçılarını üz-üzə qoymaq, aranı qarışdırmaq istəyən qüvvələr var. Bəzi dünya dövlətləri də Azərbaycan–Rusiya münasibətlərinin pozulmasında maraqlıdırlar. Bizə də, Rusiyaya da düşmən gözündə baxan bəzi qonşularımız isə nifaq toxumu səpməkdə davam edirlər.
Rusiya mətbuatında Azərbaycanı yer üzündən silmək, ölkəmizə qarşı ikinci cəbhə açmaq, azərbaycanlıları cəzalandırmaq şüarları gündən-günə daha bərkdən səslənir. Eyni şəkildə, Azərbaycanda da “bizə heç nə edə bilməzlər” kimi məsuliyyətsiz bəyanatlar eşidilir. Moskvada da, Bakıda da sıravi vətəndaşın durumunu nəzərə almayan, özünü yalançı vətənpərvər, qəhrəman donunda göstərmək istəyən boşboğaz politoloqların sayı artır və insan bu məsuliyyətsiz bəyanatlara sakit qulaq asa bilmir.
Azərbaycanın Rusiyadan inciməsinin səbəbləri isə bəllidir. Rusiya vurulan təyyarədə ölən Azərbaycan vətəndaşlarının ailələrinə, yaxınlarına nə boyda bir faciə üz verdiyini nəzərə almadan bununla bağlı zəruri addımları atmadan azərbaycanlılara qarşı sərt rəftarını, cinayət xarakterli ölüm hallarını davam etdirib. Bunlar çox ağır faktlardır. Münasibətlər də meşə yanğını kimidir, vaxtında qarşısı alınmazsa, söndürülməzsə, getdikcə daha böyük əraziləri bürüyər. Əzab çəkən isə xatalı siyasi bəyənatların müəllifləri deyil, sadə adamlardır.
Rusiyada bəzən azərbaycanlı deyilən kimi bazar sözünü atırlar ortaya. Amma heç kim azərbaycanlıların Rusiya bazarlarına nə vaxt, necə üz tutduqlarını düşünmür. Bu, xalqın xarakteri və həvəsi ilə bağlı deyil, keçmiş SSRİ rəhbərliyinin ikiüzlü, riyakar münasibətinin nəticəsidir. 1988-ci ildən başlayaraq Ermənistandan, onun ardınca Azərbaycanın öz ərazisi olan Qarabağdan yüz minlərlə insan qovulanda, didərgin salınanda onların bir çoxu uşaqlarını ölümdən xilas etmək, ailələrini qorumaq, ac qalmamaq üçün SSRİ-nin başqa bölgələrinə üz tutdular. Evsiz, eşiksiz, köməksiz insanlar uşaqlarının gündəlik yeməyini çıxarmağın ən qısa və asan yolunu bazarlarda görürdülər. Onların bir çoxu Rusiya bazarlarında Azərbaycan məhsulları satır, bolluq yaradır.
Bazarlarda çalışanların hamısı bazar adamı deyil. Onların içərisində yüksək təhsilli insanlar da var. Təsadüfi deyil ki, aralarından bir xeyli iş adamı, Rusiya iqtisadiyyatının inkişafına kömək edən mütəxəssislər çıxıb. Onların hamısına bir gözlə baxıb aşağılamaq olmaz. Onlar dağılan imperiyanın yaralarını sinələrində daşıyan insanlardır. Və bu gün onlara yara üstündən yara vurmaq günahdır.
Axır ki, Rusiya ilə Azərbaycan arasındakı bu soyuqluq aradan qaldırılma yoluna çıxarılır. Bu gün Rusiyada baş aparan və cəzasızlıq şəraitində istədiklərini edən icazəli-icazəsiz güc strukturları və şovinist qruplar, şübhəsiz, durdurulacaqdır.
Mən yazının bura qədər olan əsas hissəsini bir ay öncə yazmışdım. Bu günlərdə Düşənbədə MDB Dövlət Başçılarının Zirvə görüşü zamanı Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüş və Vladimir Putinin Şimali Qafqazda Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bir daha üzrxahlıq etməsi, öz ölkəsinin öhdəsinə düşən hüquqi vəzifələrin yerinə yetiriləcəyini vəd etməsi, münasibətlərin nizamlanması istəyini dilə gətirməsi nə vaxtdır gözlənilən addım olmaqla yanaşı, arzu etdiklərimizin təsdiqidir.
Tarix boyu hər bir ölkənin ziyalı təbəqəsi odun üstünə yağ yox, su tökən olub. Hətta ən böyük dövlətlərin, ən güclü imperatorluqların müdrik, ağıllı adamları öz dövlətləri üçün münaqişə yaranmasını istəməzlər. Çünki müharibənin də, siyasi qarşıdurmaların da əzabını çəkən sıravi insanlardır, xalqdır. Bu gün dünya ölkələri quduz bir ehtirasla silahlanır və öldürücü silahların, hətta dünya sivilizasiyasının sonunu gətirə bilən texnoloji fəlakətlərin axtarışı güclənir. Bu pullarla dünyada aclığın, xəstəliklərin qarşısını almaq olardı.
Amma yox, unudulmaz şairimiz Əli Kərim demiş, qədim insanın bir-birinə atdığı daş zaman-zaman oxa, nizəyə, qılınca, topa-tüfəngə, raketə, atoma çevrilərək elə o daş atan insanın başına bəla olmaqdadır. Kim dayandıracaq bu dünyanın sonunu yaxınlaşdıran fəlakət axınını?
Böyük Azərbaycan dramaturqu Hüseyn Cavid əbəs yerə demirdi:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü.
Təəssüf ki, elm-texnika, dahilər Yer üzündə savaşların durdurulmağından daha çox, yeni silahların icadına çalışırlar.
Günün birində Rusiya–Ukrayna savaşı da bitəcək. Əbədi müharibə yoxdur. Xüsusən iki qardaş xalq arasında. Qonşular da sonsuz savaşa bilməzlər. Sonra axan qanlar quruyacaq, vurulan yaralar tez-gec sağalacaq, amma bir sualın cavabı heç vaxt tapılmayacaq: Bu qardaş xalqlar, qonşular öz problemlərini qansız-qadasız həll edə bilməzdilərmi?
Dünyada cəmi bir ömür yaşayan insanların çəkdiyi zülmlərin məsuliyyəti bəs kimin boynunda qalacaq?
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.