EN

Putin Əsədə görə 2 daşın arasında qalıb - Şaraa "ya Əsəd, ya hərbi baza" deyəcək...


Əli Zülfüqaroğlu: “Suriyada Rusiyanın hərbi varlığının olması Moskva üçün prioritet məsələdir”

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan keçən ilin dekabrında hərbi çevrilişindən sonra Suriyada hakimiyyətə gələn Əhməd əl-Şaraa ilə görüşüb. Görüşdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov və baş nazirin müavini Aleksandr Novak da iştirak ediblər. İki ölkə arasında münasibətlərin 1944-cü ildə sovet dövründə qurulduğunu deyən Putin bildirib ki, Rusiyanın Suriya ilə uzunmüddətdir xüsusi əlaqələri var və bu əlaqələr ən çətin dövrlərdə belə davam edib.

Suriya prezidenti Şaraa isə Rusiyaya təşəkkür edib və bir çox sahədə Suriyanın inkişafına dəstəyə görə, minnətdarlığını bildirib. O, Rusiya ilə “köklü əlaqələri” canlandırmaq istədiklərini bildirib.

Bundan əvvəl, Şaraanın Putindən hərbi cinayətlərə görə mühakimə olunması üçün devrilmiş lider Bəşər Əsədin ekstradisiyasını tələb edəcəyi bildirilirdi. Eyni zamanda, Şaraanın Rusiyanın Tartus Hərbi Dəniz Qüvvələri və Hmeymim Hava Bazalarında mövcudluğunu da müzakirə edəcəyi gözlənilirdi.

Ancaq görüşlə bağlı geniş məlumatlar olmadığından Əsədin ekstradisiyasının müzakirə edilib-edilmədiyi hələlik məlum deyil.

Maraqlıdır, Suriya prezidenti Əhməd Şaraanın Rusiyaya səfəri zamanı Vladimir Putin Əsədi geri verəcək? Verməsə nə olacaq? Şaraa rus bazasını Suriyadan qovacaqmı?

“Əsədin təhvil verilməsi məsələsi də müzakirə oluna bilər, amma güman etmirəm ki, Rusiya Bəşər Əsədi Suriyaya təhvil versin”

Siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın Suriyada ciddi maraqları var. Onun fikrincə, Suriyada Rusiyanın hərbi varlığının olması Moskva üçün prioritet məsələdir: “Rusiyanın Suriyadakı fəaliyyəti Türkiyə ilə koordinasiya olunur. Rusiyanın Suriyadakı bazalarının saxlanılması Türkiyə ilə razılaşdırılıb. Əsədin devrilməsi zamanı da Rusiya və İranın müqavimət göstərməməsi birbaşa Türkiyənin siyasi dialoqunun nəticəsi idi. Burada dövlətlər arasında razılaşmalar mövcuddur”.

Həmsöhbətimiz hesab edir ki,Əhməd Şaraanın Rusiyaya səfərinin əsas məqsədi iki ölkənin inkişafı olacaq: “Bununla yanaşı, Əsədin təhvil verilməsi məsələsi də müzakirə oluna bilər. Amma güman etmirəm ki, Rusiya Bəşər Əsədi Suriyaya təhvil versin. Çünki Rusiya Əsədi istənilən Suriya hökumətinə təzyiq kartı kimi əlində saxlamaqda maraqlı ola bilər. Bu baxımdan Rusiyanın Əsədi Suriya hökumətinə təhvil verəcəyi ehtimalı azdır”.

Günel CƏLİLOVA

Chosen
78
baki-xeber.com

1Sources