EN

Milli qürur rəmzi, strateji hədəflərə doğru irəliləmək əzmi -Böyük Qayıdış

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün çox böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.  Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

 Genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Artıq Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində, Laçın, Füzuli şəhərlərində, Xocalıda və digər ərazilərdə keçmiş köçkünlər firavan həyat sürürlər. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun təmin edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur. 2023-cü il noyabrın 28-də Prezidenti İlham Əliyevin “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalaması bu istiqamətdə atılan ən önəmli addımlardan biri kimi yadda qaldı. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. Sənəddə qeyd edilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin bölgələrin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Zəruri tədbirlərdən biri də Qarabağ Universitetinin yaradılmasıdır. Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir.

2022-2026-cı illər ərzində Böyük Qayıdışın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailənin, təxminən 140 min insanın Qarabağa və Şərqi Zəngəzura qayıdışı təmin edilmiş olacaq. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı (“Rebuild Karabakh-2025”) Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd etdiyimiz bir dövrdə əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya- Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir: “Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır”.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. O, bölgəyə 65 milyon manatdan çox investisiya yatırıldığını, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxsin işlə təmin olunduğunu qeyd edib.

Böyük Qayıdış prosesi hazıda uğurla davam etdirlir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi oyadır.

Zahid Rza, “İki sahil”

Chosen
12
ikisahil.az

1Sources