EN

Zəfərin izində dirçələn şəhər

17 oktyabr - Füzuli Şəhəri Günü artıq yalnız azadlığın deyil, həm də bərabərliyin, qardaşlığın, gələcəyə inamın bayramına çevrilib

Azərbaycanın azad edilmiş torpaqları arasında xüsusi yeri olan Füzuli şəhəri həm coğrafi, həm tarixi, həm də mənəvi baxımdan Qarabağın dirçəliş salnaməsində mühüm yer tutur. 17 oktyabr tarixində qeyd edilən Füzuli Şəhəri Günü bu torpağın azadlıq uğrunda keçdiyi çətin, lakin şərəfli yolun simvoluna çevrilib.

Tarixən Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub, 1930-cu ildə Qarabulaq adlı məntəqə əsasında Qaryagin rayonu yaradılıb, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona onun adı verilib. İşğaldan öncə Füzuli həm kənd təsərrüfatı, həm də tarixi-mədəni irsi ilə tanınırdı. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi, Əhmədalılar və Cəlil türbələri bu ərazinin qədim mədəniyyət mərkəzi olduğunu sübut edirdi. Lakin 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi işğal olundu, çoxsaylı tarixi abidələr dağıdıldı, 663 nəfər şəhid, 181 nəfər itkin və əsir düşdü. Bununla belə, 5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun əks-hücumu ilə rayonun 22 yaşayış məntəqəsi azad edildi və Füzulinin xilası istiqamətində ilk qələbə qazanıldı.

Füzuliyə sancılan Zəfər bayrağı

Əsl Zəfər isə 2020-ci ilin 17 oktyabrında qazanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kimi kəndlərini işğaldan azad etdi. Ümumilikdə 62 yaşayış məntəqəsi azad olundu. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və qanlı əməliyyatlarından biri idi. 30 il ərzində düşmənin qurduğu dərin istehkam xətləri, beton sədlər və minalanmış sahələr ordumuzun qarşısında dayana bilmədi. Hərbi ekspertlər belə hesab edirdilər ki, bu ərazinin azad edilməsi aylarla çəkə bilər. Lakin Azərbaycan əsgəri üç gün ərzində Füzuliyə Zəfər bayrağını sancdı. Bu qəhrəmanlıq tarixinin rəmzi olaraq 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Həmin medal 25 mindən çox hərbi qulluqçuya təqdim edildi. Bu, həm onların fədakarlığının, həm də dövlətin ordusuna verdiyi yüksək dəyərin təcəssümüdür. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə ölkənin azad edilmiş ərazilərində şəhər günləri təsis edildi və 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd olunmağa başlandı. Bu qərar həm tarixi ədalətin bərpası, həm də Füzulinin dirçəliş dövrünün rəsmi başlanğıcı demək idi.

2040-a gedən yol...

Azadlıqdan sonra Füzuli rayonunda həyata keçirilən bərpa işləri Azərbaycanın müstəqillik dövründə ən böyük tikinti və inkişaf layihələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə təsdiq edilmiş Füzuli şəhərinin 2040-cı ilədək Baş planı şəhəri müasir, ekoloji cəhətdən təmiz, ağıllı infrastrukturla təmin olunmuş bir mərkəzə çevirməyi nəzərdə tutur. “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları, eləcə də Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları bu planın tərkib hissəsidir. Füzulinin simvoluna çevrilmiş layihələrdən biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılmış bu hava limanı həm Qarabağın bərpasının, həm də Azərbaycan-Türkiyə qardaşlığının birgə zəfər nişanıdır.

Lakin azadlıqdan sonra qarşıda dayanan ən böyük problemlərdən biri minaların təmizlənməsi məsələsi idi. Füzuli azad edilmiş ərazilər arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayon hesab olunur. İlkin hesablamalara görə, burada yüz mindən çox mina basdırılmışdır. Bu fakt bir daha Ermənistanın beynəlxalq hüquqa zidd hərbi cinayətlər törətdiyini sübut edir. Azərbaycan dövləti bu sahədə sistemli tədbirlər görür, həm infrastruktur, həm də humanitar məqsədli fəaliyyətlər həyata keçirir.

Bu gün Füzuli yenidən həyat qazanır. Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü ilin avqust ayından etibarən keçmiş məcburi köçkünlərin doğma torpaqlara dönüşü başlayıb. İlk mərhələdə 144 ailə köçürülüb, hazırda bu rəqəm 824 ailə və 3141 nəfərə çatıb. Dövlətin planına əsasən, 2026-cı ilin sonunadək 22 min nəfər Füzulidə yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzur bölgələrində 140 min insan daimi məskunlaşacaq.

Füzuli bu gün Zəfərin, inamın və dirçəlişin simvoluna çevrilib. 30 illik işğal dövründə dağıdılmış şəhər indi dövlətin gücü, xalqın iradəsi və müasir memarlığın təntənəsi ilə yenidən doğulur. 17 oktyabr artıq təkcə bir şəhərin deyil, bütöv Azərbaycanın qalibiyyət, səbir və yenidənqurma ruhunun bayramıdır.

Türk dünyasının həmrəylik rəmzi

Füzulinin bərpası təkcə Azərbaycanın deyil, həm də dost və qardaş ölkələrin birliyinin təzahürünə çevrilib. İşğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə verilən beynəlxalq dəstək, xüsusilə Türk dünyasının həmrəylik ruhunu daha da gücləndirib. Bu baxımdan Özbəkistanın Füzuliyə göstərdiyi yardım xüsusi önəm daşıyır. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb iki xalq arasında sarsılmaz dostluğun rəmzinə çevrilib. Bu təhsil kompleksi yalnız yeni nəsil füzulililərin savadlı və vətənpərvər ruhda yetişməsinə xidmət etmir, həm də Türk dünyasının elm, mədəniyyət və təhsil sahəsindəki mənəvi birliyini simvolizə edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Mirzə Uluqbəy məktəbi Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin canlı nümunəsidir və Füzulinin dirçəlişində mənəvi körpü rolunu oynayır.

Qazaxıstan Respublikası da Füzulinin bərpasında mühüm rol oynayır. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalqın dostluğunu və Türk dünyasının mənəvi birliyini simvolizə edir. Mərkəz uşaqların yaradıcılıq potensialının inkişafına, incəsənət sahələrində fəaliyyətinə və Füzulinin mədəni həyatının canlanmasına xidmət edir. Bu layihə Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyünə və bərpa prosesinə sarsılmaz dəstəyinin bariz göstəricisidir.

Azərbaycanın Füzulidə həyata keçirdiyi bərpa işlərinə dost ölkələrin qatılması bu bölgəni tədricən türk həmrəyliyinin canlı nümunəsinə çevirir. Artıq Füzuli təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ortaq dəyərinə çevrilib. Bu həmrəyliyin əsasında müştərək tarix, eyni mənəvi köklər və azadlıq uğrunda mübarizədə eyni idealları bölüşmək dayanır. Füzulinin dirçəlişi bu gün həm dövlət siyasətinin, həm xalq iradəsinin, həm də dost ölkələrin birliyinin nəticəsidir. Burada ucalan hər bina, hər məktəb, hər mədəniyyət ocağı Zəfərin və birliyin bünövrəsi üzərində inşa olunur. Özbəkistanın məktəbi, Qazaxıstanın yaradıcılıq mərkəzi, Azərbaycan xalqının zəhməti və iradəsi birləşərək Füzulini gələcəyin müasir, parlaq şəhərinə çevirir.

Hər bir səfər...

17 oktyabrda qeyd edilən Füzuli şəhəri günü artıq yalnız azadlığın deyil, həm də bərabərliyin, qardaşlığın, gələcəyə inamın bayramına çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl səfərləri, strateji qərarları və şəxsən rəhbərlik etdiyi layihələr nəticəsində Füzuli müasir şəhər modelinə çevrilir. Hər bir təməlqoyma mərasimi, hər bir açılış və hər bir səfər bu torpağın gələcəyinə qoyulan daş, xalqa verilən ümiddir. Füzuli indi azadlıqdan inkişafa, dağıntıdan dirçəlişə doğru möhtəşəm bir dönüşün simvolu kimi tarix yazır.

Nigar Orucova, "İki sahil"

Chosen
14
ikisahil.az

1Sources